Accessibility links

Adil Qeybulla: Bəxtiyar Hacıyev komatoz vəziyyətə düşə bilər


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 32 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Fevralın 9-da tibb elmləri doktoru Adil Qeybulla vəkil Aqil Layıcın iştirakı ilə təcridxanada Bəxtiyar Hacıyevi müayinə edib.

Adil Qeybulla Amerikanın Səsinə müsahibəsində deyib ki, Hacıyevin səhhəti aclıq aksiyasının gedişinə uyğundur və səhhətində ciddi problemlər yaranmaqdadır .

Adil Qeybulla: Bəxtiyar Hacıyev kamotoz vəziyyətə düşə bilər
please wait

No media source currently available

0:00 0:04:25 0:00

“Bu gün təcridxanada Hacıyevi müayinə etdim. Müayinədə tibb-sanitar hissəsinin baş həkimi də iştirak etdi. Hacıyevin nəbzi 74, bədən temperaturu 35,1 selsi, arterial qan təzyiqi 95/70, çəkisi 69,3 kiloqram, qanda şəkərin miqdarı 4,3 milli-moldur (karbondakı atomların sayı). Gün ərzində 1,7 litr maye qəbul edir”, o qeyd edib.

Həkimin fikrincə, o, maye qəbulu rejimini pozur.

“Mayeni az qəbul edir. Bu da onun çəki itirməsində xüsusi rol oynayır. Sonra siqaret də çəkir. O da ziyandır”.

Qeybulla Hacıyevə venadaxili infuziya təklif edib.

“Biz venadaxili infuziya təklif etdik ki, mayeni, elektrolitləri kompensasiya etsin. Lakin Bəxtiyar imtina etdi”.

Həkim deyib ki, onun kommunikasiya qabiliyyəti var, huşu özündədir.

“Təcridxananın istintaq otağında vəkilin iştirakı ilə Bəxtiyarla xeyli söhbət etdik. Hesab edirəm ki, onun səhhətində getdikcə zəifləmə təbiidir. Əlbəttə aclığı davam etdirərsə təzyiqi, şəkəri daha da düşər, vəziyyəti daha da pisləşər, komatoz (beyin qan dövranının pozulması və beyin toxumalarının toksik zədələnməsi) duruma düşə bilər. Bu təhlükələr var. O, aclığı dayandırsa bu məsələlər həllini tapa bilər. Arzu edirəm ki, tezliklə azadlığına qovuşsun və problelər həllini tapsın”.

Tibb elmləri doktoru Hacıyevin koma vəziyyətinə düşməsini istisna etmir.

“Aclıq aksiyasının birinci mərhələsində qlikogenlər, yəni qlükoza sərf olunur. Sonrakı dövrdə piy qatı sərf olunur və orqanizmin çəki itirməsi göz önündə olur. Son mərhlədə isə əzələlər bu prosesə qoşulur. Bu zaman artıq xəstə hərəkət edə bilmir. Bəxtiyarda hazırda piy elementlərinin sərfi prosesi gedir. Bir tərəfdən də maye az qəbul edir. Buna görə də çəki itirməsi tendensiyası var. Hesab edirəm ki, bu davam edərsə təzyiqi də, şəkəri də düşə bilər və komatoz duruma düşə bilər”.

Qeybulla bildirib ki, Hacıyev Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməkdən imtina edib.

“Mən təklif etdim ki, nə qədər huşu özündədir mülaicə müəssisəsinə köçürülsün. Lakin o imtina etdi. Dedi ki, nə qədər huşu özündədir müalicə müəssisəsinə getməyəcək”.

Vəkil Aqil Layıc isə bildirib ki, artıq Hacıyevin böyrəklərində, ürəyində, başında şiddətli ağrılar çoxalıb.

"İki dəfə hüşunu itirib yıxılıb. Görmək qabiliyyəti da pozulub. Bundan əlavə o içdiyi suyun miqdarını da azaldıb, quru aclığa hazırlaşır", vəkil qeyd edib.

Bəxtiyar Hacıyevə istinadən “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov aşağıdakı bəyanatı sosial şəbəkələrdə yayıb.

“Türkiyəni izləyirəm, yanıram, kənara çəkilib, təkbaşına ağlamaq istəyirəm, amma gözümdən yaş gəlmir, çünki bütün bədənim quruyub. Təəssüf ki, azadlıqda deyiləm, belə ağır və faciəli durumda türkiyəli soydaşlarımıza imkanlarım həddində kömək edə bilmirəm. Özümə gəldikdə isə sonadək aclığı davam etdirəcəm. Hansısa xəstəxanaya, mülki klinikaya, müalicə müəssisəsinə getməyəcəm. Buradan meyitim çıxacaq, amma aclığı dayandırmayacam. Şərləyiblər, azadlıq haqqım tanınmalıdır. Orqanizmimə dəstək üçün sistem köçürmək istədilər, imtina etdim”, Səfərov Bəxtiyar Hacıyevə istinadən Facebook səhifəsində onun bu bəyanatını yayıb.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 32 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG