Accessibility links

Amerikalı senatorlar Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi dərhal həbsdən azad etməyə çağırıb


Hacıyev Bəxtiyar
Hacıyev Bəxtiyar

Amerikalı senatorlar Dick Durbin və Ben Cardin Azərbaycan hökumətini insan haqları fəalı Bəxtiyar Hacıyevi dərhal həbsdən azad etməyə çağırır.

“Mən Azərbaycan hökumətini dekabrdan bəri haqsız yerə şərlənərək həbsdə olan fəal Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıram”, Helsinki Komissiyasının həmsədri, senator Ben Cardin Twitter səhifəsində bildirib.

“Biz insan hüquqlarını pozmaq istəyən hər kəsi məsuliyyətə cəlb edə bilərik və edəcəyik”, senator bildirib.

Digər ABŞ senatoru Dik Durbin də Bəxtiyar Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməyə çağırıb.

“Mən hələ də hesab edirəm ki, Azərbaycanın gələcəyi demokratiya birliyində olmalıdır, amma fəal Bəxtiyar Hacıyev kimi siyasi məhbusların həbsi bu yolu sarsıdır”, senator Dik Durbin bildirib.

“Azərbaycan Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməlidir”, o, Twitter hesabında yazıb.

Bundan əlavə Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda monitorinq üzrə həmməruzəçiləri Yan Liddel-Qreyncer (Böyük Britaniya) və Liz Kristoffersen (Norveç) 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilmiş vətəndaş fəalı Bəxtiyar Hacıyevin həbsindən narahat olduqlarını bildiriblər.

“Çoxları hesab edir ki, cənab Hacıyevin davam edən həbsi onun aktiv ictimai fəaliyyətilə bağlıdır”, Avropa Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Məlumatda deyilir ki, Avropa Şurası Parlament Assambleyasının nümayəndələri Bəxtiyar Hacıyevin həbsin alternativ qətimkan tədbirlərilə əvəz olunmasından dəfələrlə imtina etmək ona qarşı irəli sürülən ittihamlarla tamamilə qeyri-mütənasibdir. Üstəlik, onun səhhəti son dərəcə narahatlıq doğurur.

“Biz Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi dərhal azad etməyə və onun müvafiq tibbi yardım almaq imkanlarını təmin etməyə çağırırıq”, Avropa Şurası Parlament Assambleyasının həmməruzəçilərinin bəyanatında deyilir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 37 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə 14 gün aclıq edib.

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG