Accessibility links

Vəkil: 36 gündür aclıq edən Bəxtiyar Hacıyev məcburi sistem köçürülməsindən imtina edib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Fevralın 11-də 1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülən insan haqları fəalı Bəxtiyar Hacıyev 36 gündür aclığı davam etdirir. O özünün və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

Fevralın 13-də müalicə müəssisəsində Bəxtiyar Hacıyevlə görüşdən sonra vəkil Aqil Layıc Amerikanın Səsinə deyib ki, onun səhhəti çox ağırdır, dirənişi azalıb.

"Çəkisi 68.3 kiloqrama enib (o təcridxanaya daxil olanda şəkisi 84,5 kiloqram olub-red), nəbzi 68-dir, qan təzyiqi də kifayət qədər aşağıdır. Məcburi sistem qoymaq istəyiblər, amma Bəxtiyar imtina edib. O deyib ki, huşunu itirənədək heç kim onun bədəninə müdaxilə edə bilməz", vəkil qeyd edib.

Onun sözlərinə görə, dünən, fevralın 12-də ombudsmanın nümayəndələri Bəxtiyar Hacıyevə baş çəkib.

"Onlar özləri ilə psixoloq da gətirib. Bəxtiyar ombudsmanın nümayəndəsinə bildirib ki, azadlığa buraxılanadək, yəni ədalət bərpa olunanadək aclığı davam etdirəcək", Layıc deyib.

Vəkillər Bakı şəhər Xətai Rayon Məhkəməsinə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə dəyişdirilməsi barədə növbəti dəfə vəsatət təqdim edib.

"Əgər onun həyatı sizi maraqlandırır və narahat edirsə, buyurun onu azad edin. Bəxtiyar Hacıyev günahsızdır, ona qarşı qondarma ittihamın heç bir hüquqi əsası yoxdur. Ədalətsizliyə son qoymaq dövlət üçün çox vacib addımdır və edilməlidir", vəkil Aqil Layıc Facebook səhifəsində yazıb.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 36 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə 14 gün aclıq edib.

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!" devizi ilə video müraciət yayıblar.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.

XS
SM
MD
LG