Accessibility links

Dövlət Departamenti Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına çağırır


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

ABŞ Dövlət Departamenti insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılmasına çağıran bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ABŞ Bəxtiyar Hacıyevin ötən dekabr ayından bəri həbsdə olmasından və onun siyasi motivli hesab olunan ittihamlarla üzləşməsindən dərin narahatlıq hissi keçirir. Dövlət Departamentinin sözçüsü Ned Prays aclıq aksiyası keçirən Hacıyevin sağlamlığının kəskin şəkildə pisləşdiyini və komaya düşmə riski ilə üzləşdiyini qeyd edib.

“Birləşmiş Ştatlar cənab Hacıyevin tezliklə azad edilməsinə və fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs olunan bütün insanların azad edilməsinə çağırır,” bəyanatda deyilir.

Bəyanatda həmçinin qeyd olunur ki, Birləşmiş Ştatlar insan haqlarına hörməti inkişaf etdirməyə, insan hüquqları müdafiəçilərini dəstəkləməyə və insan haqlarını pozanları məsuliyyətə cəlb etməyə qətiyyətlə sadiqdir.

“Biz Azərbaycan və bütün dünyada sistemli islahatlara, xüsusilə də insan hüquqlarının və əsas azadlıqların qorunmasına yönəlmiş bütün addımları təşviq edirik,” bəyanatda deyilir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 34 gündür aclığı davam etdirir.

XS
SM
MD
LG