Accessibility links

Nigar Həzi: İranda artıq insanlar azad yaşamaq istəyir


Nigar Həzi-ictmai-siyasi fəal
Nigar Həzi-ictmai-siyasi fəal

İctimai- siyasi fəal Nigar Həzi Amerikanın Səsinə müsahibəsində İranda qadınların etirazlarının yaranma səbəbləri və Azərbaycanda İran qadınlarına dəstək haqda danışıb.

Amerikanın Səsi: Sizcə, etirazlar sonda İranda siyasi rejimin dəyişdirilməsinə gətirib çıxara bilər?

Nigar Həzi: Düzünə qalsa, hər şey ola bilər. Misal üçün ərəb inqilabı olanda belə heç kim hesablamırdı ki, ərəb dünyasında belə inqilablar baş verə bilər. Tunisdə baş verən hadisə bütün ərəb dünyasında qığılcımlara səbəb oldu. İrana gəldikdə isə biz bunun bu dəqiqə proqnozunu verə bilmərik. Amma bu hadisələr İrandakı rejimin dəyişməsini qaçılmaz edir. Demokratik olmayan cəmiyyətlərdə belədir. Onlar dəyişilməyə məhkumdurlar. Xüsusilə də İran kimi “molla rejimi” idarəçiliyi olan ölkənin dəyişməsi çox labüddür. Çünki artıq dünya dəyişir. İranın da dəyişəcəyini biz görəcəyik.

Amerikanın Səsi: İranda hökumət əleyhinə nümayişlərin yeni dalğası qadınların diskriminasiyasına qarşı etirazlardan başladı. Bir proses İran Azərbaycanında da vüsət aldı. Sizcə, İrandakı etirazlar qadın hüquqlarının genişləndirilməsi ilə nəticələnə bilərmi?

Nigar Həzi: İranda artıq insanlar azad yaşamaq istəyir
please wait

No media source currently available

0:00 0:05:27 0:00

Nigar Həzi: Sözsüz. Necə ki, bizim kimi ölkələrdə bütün problemlərin həlli, xilası demokratiyanın olmasıdır. İranda da “molla rejimi”n olmamasındadır. Düzdür bizdə ən azı onlardakı kimi qadınlara basqı, təzyiq o qədər də yoxdur. Amma bizim ölkədə də qadınların hüquqları kifayət qədər pozulur. Məişət zəminində daha çoxdur. Bu barədə statistika açıqlanır. İranda isə vəziyyət bizdən daha ağırdır. Əlbəttə ki, bu son etirazlar məhz Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra baş verdi. Buna etiraz olaraq bir çox qadınlar artıq baş örtüyünə etiraz etdi. 1979-cu ildən bu yana İran İslam Respublikası yaranandan “şah rejimi” devriləndən sonra qadınlar daim bir “molla rejimi”nin basqısı altındadır. Artıq o dövr deyil. İnsanlar dünyaya inteqrasiya olunur. İranda da insanlar artıq azad yaşamaq istəyir. Orada sırf qadınlar təzyiq altındadır, kişilər bu təzyiqlərdən kənar qalır. Elə deyil. Onlar cəmiyyət olaraq basqı altındadır. Qadınlar isə daha çox basqı altındadır. Əlbəttə ki, bu proseslər, hərəkatlar Məhsa Əminidən başladı. Sonra bu hadisələr genişləndi. İndinin özündə belə İranın bir çox regionlarında xalq etirazları baş verir. Artıq rejim əleyhinə etirazlar baş qaldırıb. Bu da sözsüz ki, İranda “molla rejimi” devriləndən sonra demokratik nəfəs gələndən sonra, artıq kişi-qadın problemi qalmayacaq.

Amerikanın Səsi: Azərbaycan Respublikasındakı hüquq-müdafiə təşkilatları, o cümlədən qadın hüquqları ilə məşğul olan təşkilatlar İran Azərbaycanında və bütövlükdə İranda qadın hərəkatına dəstək verirmi?

Nigar Həzi: Sözsüz ki, İran qadınlarına dəstək bütün dünyadan gəlir. Bütün dünyadakı ictimai fəallar, aktivistlər, tanınmış adamlar İrandakı hadisələrə reaksiya verir. Azərbaycanda da fəal qadınlar istər ictimai-siyasi sektordan olan qadınlar olsun, istər sıravi qadınlar olsun bu proseslərdə İrandakı qadınların haqlarını müdafiə edir. Hətta bizdə feministlər İran səfirliyi qarşısında aksiya keçirməyə cəhd etdilər. Düzdür, hökümət bir yolla da olsa bu aksiyaların qarşısını alıb. Amma cəmiyyət olaraq, biz bu gün İrandakı qadınların haqlarını müdafiə edirik. Onların etirazları haqlıdır. Qadının özünün baş örtüyünü örtməsində sərbəst seçimi olmalıdır. Azad olmalıdır. İstəsə örtə də bilər, istəmirsə örtməyə bilər. Bu qadının şəxsi fikri olmalıdır. Onun azadlığı, onun seçim imkanı olmalıdır. Artıq dövlətin məcburi tələbi olası deyil. Təəssüf ki, biz İrandakı qadınların etirazına kifayət qədər dəstək verə bilmirik. Çünki bizim özümüz də demokratik ölkədə yaşamırıq.

Qeyd: Rəsmi Bakı Azərbaycanda fundamental azadlıqların, o cümlədən qadın hüquqlarının, söz və mətbuat, birləşmək azadlıqlarının tam təmin edildiyini bildirir. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olmadığını, fərdlərin konkret ittihamlarla mühakimə olunaraq həbs edildiyini bildirir.

XS
SM
MD
LG