Accessibility links

Xalid Ağalıyev: Azərbaycanda sözə görə həbsdə olan jurnalistlər var


Xalid Ağalıyev: Azərbaycanda sözə görə həbsdə olan jurnalistlər var
please wait

No media source currently available

0:00 0:05:58 0:00

Media hüququ üzrə ekspert Xalid Ağalıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda mətbuat və ifadə azadlığının hazırkı vəziyyətindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda media və jurnalistlər daha çox hansı hüquqi problemlərlə qarşılaşır? Ümumiyyətlə mətbuat və ifadə azadlığının durumu necədir?

Xalid Ağaliyev: Ümumiyyətlə Azərbaycanda medianın, jurnalistlərin fəaliyyətini neqativ təsirləndirən xeyli qanunlar var. Məsələn böhtan və təhqirlə bağlı cinayət məsuliyyəti mövcuddur. Bu cinayət məsuliyyəti son vaxtlar tətbiq olunur. Eyni zamanda Azərbaycanda jurnalistikanın xeyrinə olan qanunlar da var. Məsələn, jurnalistin fəaliyyətinə mane olmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Jurnalistin informasiya sorğusuna cavab verməməyə görə inzibati məsuliyyət nəzərdə tutulur. Amma bu qanunlar işləmir. Yəni sırf jurnalistlərin ziyanına olan qanunlar tətbiq olunur. Jurnalistlərin xeyrinə olan qanunların tətbiqində isə xeyli problemlər var. Eyni zamanda jurnalistlərin yaydığı, medianın yaydığı məzmunla bağlı çox ciddi məhdudiyyətlər var. Mən inzibati qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətləri deyirəm. Bunlar da tətbiq olunur. Bütün bunların fonunda biz təəssüf ki, Azərbaycanda medianın durumu ilə bağlı yaxşı danışa bilmirik. Üstəgəl biz nəzərə almalıyıq ki, ötən ildən Azərbaycanda "Media haqqında" yeni qanun qəbul olunub. Bu qanun da ümumiyyətlə Avropa Şşurası Parlament Assambleyası məkanında olan ölkələrlə müqayisədə yaxşı qanun deyil. Bütün bunları nəzərə alsaq çox təəssüf ki, Azərbaycanda medianın durumu ilə bağlı pozitiv düşüncələr ifadə etmək çox çətindir.

Amerikanın Səsi: Azərbaycanda jurnalistlərin və medianın vaxtaşırı diffamasiya iddiları ilə üzləşdiyi bildirilir. Bu zaman tətbiq olunan cəzalar nə dərəcədə adekvatdır? Demokratik ölkələrdə belə mübahisələrin həlli mexanizmi necədir?

Xalid Ağalıyev: Azərbaycanda təəssüflər olsun ki, bu qanunlar hələ də qalır və tətbiq olunmaqdadır. Ümumilikdə vəziyyəti 10-15 il əvvəlki illə müqayisədə götürsək, hansı ki, 2008-2010-cu illərdə Azərbaycan böhtana, təhqirə görə həbsdə olan jurnalistlərin sayına görə ATƏT məkanında birinci ölkə idi. Amma əlbəttə ki, indiki durum o pis durumdan xeyli dərəcədə uzaqdadır. Amma yenə də Azərbaycanda sözə görə, düşüncələrinə görə həbsdə olan jurnalistlər var. Ən pisi də diffamasiya ilə bağlı vahid oturuşmuş məhkəmə təcrübəsi mövcud deyil. Azərbaycan məhkəmə təcrübəsi eyni zamanda Avropa məhkəməsindən çox uzaqdadır. Çünki Avropa məhkəməsinin təcrübəsi burada da tətbiq olunmalıdır. Bu təcrübə isə deyir ki, jurnalistə yazılarına görə cinayət cəzası vermək olmaz. Amma çox təəssüflər olsun ki, Azərbaycanda bunlar tətbiq olunur. Ümumi dünya təcrübəsi bundan ibarətdir ki, jurnalistin yazılarına görə, düşüncələrinə görə mülki cəza verilə bilər. Cərimə cəzaları verilə bilər. Bu cəzaların özü də jurnalistlərin fəaliyyətinə təsir edən həddə olmamalıdır və adekvat olmalıdır.

Amerikanın Səsi: Bir sıra yerli media ekspertləri, beynəlxalq təşkilatlar hesab edir ki, "Media haqqında" yeni qanun gələcəkdə jurnalist və blogerlərin yeni həbslərinə yol açacaq. Siz necə düşünürsünüz?

Xalid Ağalıyev: Azərbaycanda keçən il qüvvəyə minmiş “Media haqqında” qanun, dediyim kimi yaxşı məzmunda qanun deyil. Bu qanun jurnalistlərin fəaliyyətinə sərhədsiz ölçüdə məhdudiyyətlər yaratma gücündədir. Qanunun xüsusilə məhdudiyyətlər nəzərdə tutulan müddəaları çox dolaşıq və qarışıqdır. Ümumilikdə media azadlığına, ifadə azadlığına özbaşına müdaxilələr etməyə çox geniş imkanlar verir. Mən ona ümid edirəm ki, bu həbslərə, jurnalistlərin çox sərt cəzalandırılmasına gətirib çıxarmaz. Yeni qanunla bağlı hər hansı pozitiv gözləntim yoxdur.

Amerikanın Səsi: Azərbaycanda hüquq müdafiə təşkilatları jurnalistlərin hüquqlarını qoruya biləcək potensiala malikdirmi?

Xalid Ağalıyev: Təəssüflər olsun ki, hazırda Azərbaycanda medianın qorunması sahəsində çalışan peşəkar, ixtisaslaşmış təşkilatlar mövcud deyil. Ortalıqda bu sahədə çalışdığını ifadə edən xeyli təşkilatlar var. Amma bu təşkilatlar təəssüflər olsun ki, medianın, jurnalistlərin yanında yox, hökümətin bu sahənin tənzimləmək, cilovlamaq siyasətinin yanındadırlar. 2010-2015-ci illərdə bu sahədə oturuşmuş müstəqil QHT-lər, vətəndaş cəmiyyəti qurumları mövcud idi. Amma təəssüflər olsun ki, həmin təşkilatlar sıradan çıxarılıb və hazırda bu sahədə yalnız fərdi təşəbbüslər var. Hesab edirəm ki, ifadə azadlığını qorumaq üçün bu təşəbbüslərə dəstək verilməlidir.

Xatırlatma

Bu, Xalid Ağalıyevin fikirləridir. Rəsmi Bakı ölkədə fundamental azadlıqların tam təmin edildiyini, medianın və blogerlərin sərbəst informasiya toplaması, fəaliyyəti üçün hər cür şəraitin yardıldığını bildirir. Hökumət media subyektlərini vergilərdən azad edib. Dövlət rəhbərləri insanların fikirlərinə, sözlərinə, yazılarına və iradələrinə görə təqib olunmadığını bəyan edir. Bununla yanaşı, yerli hüquq müdafiə təşkilatları ölkədə yüzdən çox siyasi məhbusun olduğunu bildirir. Onların arasında 6 nəfər jurnalist və bloger var.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 6-da bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.

Ötən il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş "Media haqqında qanunun tətbiqi haqqında" fərman imzalayıb. 2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub. Onlar hesab edir ki, "Media haqqında" qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG