Accessibility links

Ələsgər Məmmədli: Media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr jurnalistlər üçün problemlər yaradacaq məsələ olacaq


Arxiv fotosu - Jurnalistlər Milli Məclis qarşısında “Media haqqında” qanun layihəsinə etiraz olaraq aksiya keçirir, 21 dekabr, 2021.
Arxiv fotosu - Jurnalistlər Milli Məclis qarşısında “Media haqqında” qanun layihəsinə etiraz olaraq aksiya keçirir, 21 dekabr, 2021.

Azərbaycan prezident İlham Əliyev Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”ndə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Bununla Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə yeni cərimələr təsdiq edilib.

Bu, aprelin 25-də prezidentin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Milli Məclisin martın 7-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsi”nə təklif edilən dəyişiklik layihəsində Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə yeni cərimələr müəyyən edilib.

Media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində bu cərimlərin yeni olmadığını deyir. Onun fikrincə, yeni dəyişikliklər “jurnalistləri incidəcək” bir məsələ olacaq.

“Bunlardan bəziləri qanunvericilikdə onsuz da var idi. Məsələn, jurnalistin qanuni sorğusuna cavab verməməyə görə beş yüz manatadək cərimə var idi. Bu günə qədər demək olar ki, tətbiq olunmayan normadır. Heç bir dövlət qurumuna qarşı bu norma tətbiq olunmayıb. Hətta son olaraq 2022-ci ildə bununla bağlı Ombudsman bir qərar vermişdi. Onu da məhkəmə ləğv etdi. Faktiki olaraq bu işlənməyən bir müddəadır. Bunun bir mənası yoxdur. Təəssüf ki, bu istiqamətdə jurnalistlərin sorğuları zaman-zaman uzun müddətdi cavabsız qalır. Hətta məhkəmə proseslərində öhdəlik olsa belə, sonra məhkəmə qərarı ilə öhdəlik qoyulsa belə onlar icra olunmur. İkinci məsələ odur ki, o da qanunda var idi. KİV məhsullarının qanunla müəyyən olunmuş qaydada mane olma, eyni zamanda jurnalistlərin peşəkar fəaliyyətinə qarşı qanunsuz müdaxilə edilməsi. Burada maraqlıdır ki, cərimələr oldu və cərimələr də kiçik idi. Bu da qanunvericilikdə var idi. Burada cəmi yüz əlli manata qədər cərimə nəzərdə tutulurdu, digərində altı yüz manat və jurnalistin pəşəkar fəaliyyətinə mane olma. Buna qədər də buna yönəlik hər hansı müddəanın işlənməsinə dair fakt yoxdur ki, hansısa jurnalistə inzibati orqan məhdudiyyət qoysun. Məsələn polis mitinqdə çəkənə məhdudiyyət qoyur və sonra həmin polis cərimələnməsi barədə hər hansı fakt mövcud deyil. Belə hadisə demək olar ki, baş verməyib”, ekspert bildirib.

Hüquqşünas qadağan olunmuş məlumatların yayılması ilə bağlı cərimələrin “media üçün çəkindirici bir amil” olacağını düşündüyünü deyib.

“Bu qadağan olunmuş məlumatlara görədir. Burada da ciddi bir problem yaranacaq. Bu odur ki, qadağan olunmuş məlumatların məhkəmə baxışı keçirilmədən, nəyin qadağan olunduğunu və ya şəxsin yazmamalı olduğu müəyyən olunmadan birbaşa prokurorluq `siz qadağan olunmuş məlumat yazmısınız` deyib, şəxsləri cərimələyə bilir. Yeni qanunda bu nəzərdə tutulandan sonra 14-cü maddədə artıq keçən ilin əvəllərində bu tip cərimələr baş verdi. Halbuki “İnzibati Xətalar Məcəlləsi”ndə bununla bağlı konkret müddəa yox idi. İndi o həmin cərimə prosesini qanunvericiliyə daşıyıblar. Burada da çox təəssüf ki, qadağan olunmuş məlumatların özünün test aparılmadan, yəni məhkəmə baxışı olmadan, sadəcə inzibati qaydada jurnalistlər sistemli şəkildə cərimələnə biləcək. Bu da ciddi şəkildə jurnalist azadlığına və pəşəkar fəaliyyətə məhdudiyyət gətirəcək formadır. Yalnız o halda qadağan olunmuş məlumat məsuliyyət yarada bilər ki, o həqiqətən də hansı qanunda, məsələn “Dövlət sirri haqqında” qanunda, dövlət sirrini yaymaq olmaz. Şəxs də dövlət sirrini yayan, mühakimə apararlar ki, bu, dövlət sirridir. Yaxud şəxsin özəl həyatına qarşı şəkillər paylaşıb. Şəxs “Cinayət Məcəlləsi”nin 156-ci maddəsi ilə müraciət edir hüquq-mühafizə orqanlarına. Məhkəmə artıq bu zaman ona həm cinayət məsuliyyəti verə bilərdi, həm də inzibati məsuliyyət verilə bilərdi. İndiki halda belə anlaşılır ki, hansısa test aparılmadan, bu məlumatın özünün doğru olub-olmadığı və ya konkret olaraq yayılması qadağan olub-olmadığı tam aydın olmadan, kiminsə mülahizələri ilə qadağan olunmuş məlumat hesab olunacaq və beləliklə jurnalistlər cərimələnə biləcək. Əgər üstəlik burada media qurumlarına veriləcək cərimə üç min manata qədərdi ki, bu da kifayət qədər böyük rəqəmdir. İndiki halda gəlirləri az olan media üçün də ciddi şəkildə çəkindirici bir amil olacaq”, o qeyd edib.

Media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr

Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə müəyyən edilən dəyişikliyə əsasən, “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Digər dəyişiklik isə informasiya mənbəyini qanunla yol verməyən halda açıqlamağa görə cərimədir.

Bu dəyişikliyə əsasən, media subyektinin redaksiyası (məsul redaktor) və jurnalistlər tərəfindən informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manata qədər, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manata qədər, hüquqi şəxslər iki min manatdan üç min manata qədər cərimə olunacaq.

Bundan əlavə media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb.

“İnzibati Xətalar Məcəlləsi”nə təklif edilən dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Mövcud məcəlləyə əsasən kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir.

Eyni zamanda, layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir.

Həmçinin məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur.

Media haqqında qanunun tətbiqi haqqında

Ötən il fevralın 10-da Prezident İlham Əliyev 21 dekabr 2021-ci ildə qəbul edilmiş “Media haqqında qanunun tətbiqi haqqında” fərman imzalayıb. 2022-ci ilin sentyabrın 26-da isə Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub.

Onlar hesab edir ki, “Media haqqında” qanunun müddəalarından olan reyestrin qəbulu ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Öz növbəsində, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Media Reyestri bütün başqa sahələrdə mövcud olan hüquqi platformanın və məlumat bazasının təşkili hadisəsidir.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov isə fevralın 6-da bildirib ki, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər. Lakin müstəqil media nümayəndələri qanun dəyişmədikcə, bu tələbin problemə çevriləcəyini deyirlər və qanuna dəyişiklik edilməsini tələb edirlər.

XS
SM
MD
LG