Accessibility links

AŞPA-nın yaz sessiyası işinə başlayıb


Avropa Sarayında gedən təmirlə əlaqədar AŞPA-nın yaz sessiyası Avropa Parlamentinin müzakirələr palatasında keçirilir
Avropa Sarayında gedən təmirlə əlaqədar AŞPA-nın yaz sessiyası Avropa Parlamentinin müzakirələr palatasında keçirilir

Aprelin 24-ü Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası start götürüb.

Həftə ərzində davam edəcək sessiyada işğal altında olan Ukrayna ərazilərindən Rusiyaya köçürülən Ukrayna vətəndaşlarının, o cümlədən uşaqların vəziyyəti müzakirə ediləcək. Ukraynanın birinci xanımı Olena Zelenskanın videokonfrans vasitəsilə debatda iştirakı gözlənilir.

Bundan əlavə, 16-17 may tarixlərində İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Zirvə Toplantısı ilə bağlı müzakirələr keçiriləcək. Avropa İnsan Hüquqları Məhkəməsinin Prezidenti Siofra O’Lirinin bu müzakirələr zamanı bəyanatla çıxış edəcəyi gözlənilir. AŞPA-nın gündəliyində habelə “Moldova Respublikasında gərginliyin artmasında Rusiyanın rolu” mövzusu da yer alır.

AŞPA Avropa Məhkəməsinin qərarlarının icrasını müzakirə edəcək

Həftənin önəmli müzakirələrindən biri “Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası” barədədir. Çərşənbə günü Kiprdən olan məruzəçi Konstantinos Efstatiu AŞPA-ya mövzu ilə bağlı hesabatını təqdim edəcək. Müzakirələrdən sonra qətnamə layihəsi səsverməyə çıxarılacaq. Efstatiu ötən ilin noyabrında mövzu ilə bağlı araşdırma aparmaq üçün Azərbaycana səfər edib. Hesabatda Azərbaycanın AİHM qərarlarının icrasının vəziyyətinə dair ətraflı məlumat verilir, Azərbaycanın bu istiqamətdəki mənfi göstəricilərindən narahatlıq ifadə edilir. Məruzəçi eyni zamanda Azərbaycan hakimiyyətinin qərarların icrasının sürətləndirilməsi üçün son dönəmlərdə atdığı addımları alqışlayır.

Avropa Şurası Nazirlər Komitəsinin AİHM qərarlarının icrasına dair son illik hesabatına əsasən, Azərbaycan AİHM qərarlarını ən pis icra edən ölkədir.


AŞPA-da Azərbaycanla bağlı ictimai dinləmələr keçiriləcək

Cümə axşamı AŞPA-da “​Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyinə təhdidlər“” mövzusunda ictimai dinləmə baş tutacaq. İctimai dinləmə məruzəçi Hanna Bardellin Azərbaycanda jurnalist və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı hazırladığı hesabat çərçivəsində, AŞPA-nın üç komitəsi - Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi, Monitorinq Komitəsi və Mədəniyyət, Elm, Təhsil və Media Komitəsi tərəfindən keçirilir. Dinləmədə jurnalist Arzu Qeybullayeva, Sərhədsiz Reportyorlar təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə eksperti Janna Kavelye və AbzasMedia saytının direktoru Ülvi Həsənli mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.

Plenar iclasda həmçinin, Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən sonra təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılması üçün siyasi strategiyalar haqqında hesabat müzakirə ediləcək.

Həftə ərzində Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2022-ci il üçün illik fəaliyyət hesabatını, hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən İslandiya Xarici İşlər Naziri Tordis Kolbrun Reykfyord Gilfadottirin Nazirlər Komitəsinin kommunikasiyasını təqdim edəcəyi, cümə axşamı isə İslandiya prezidenti Qudni Torlasius Youhannessonun Assambleyada çıxış edəcəyi gözlənilir.

XS
SM
MD
LG