Accessibility links

Cavad Heydərinin ailəsinin iki üzvü müvəqqəti olaraq azadlığa buraxılıb


Mərhum Cavad Heydəri və həyat yoldaşı
Mərhum Cavad Heydəri və həyat yoldaşı

Qəzvin şəhərində kütləvi etirazlar fonunda həyatını itirən Cavad Heydərinin ailəsinin iki üzvü, qardaşı Məhəmməd Heydəri və anası mülki zəmanət qarşılığında həbsdən müvəqqəti olaraq sərbəst buraxılıb. Lakin qardaşı Ruhullah Heydəri və atası Əlipənah Heydəri hələ ki, sərbəst buraxılmayıb.

Cavad Heydərinin bacısı Fatimə Heydəri öz Twitter hesabında bu barədə məlumat verib. O, bildirib ki, “Anam və qardaşım Məhəmməd zaminə buraxılıb. Amma atam və qardaşım Ruhullah hələ də həbsdədir”.

Cavad Heydərinin atası və anası
Cavad Heydərinin atası və anası
Əlipənah Heydərinin Qəzvin Prokurorluğunda aparılan istintaq prosesindən sonra həmin şəhərin Çubindər həbsxanasına köçürüldüyü bildirilir.
Saxlanılan ailə üzvlərinin həbsinin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlarla bağlı hələlik heç bir məlumat yoxdur.

Cavad Heydərinin keçən il sentyabrın 22-də Qəzvin şəhərində İran rejiminə qarşı kütləvi etiraz aksiyaları zamanı güllələnərək öldürüldüyü bildirilir. Rejimə qarşı etiraz aksiyalarının qurbanlarından olan Cavad Heydərinin ailəsinə qarşı müxtəlif təzyiqlər göstərilir. Fatimə Heydərinin sosial media hesablarından paylaşdığı məlumata görə, təhlükəsizlik qüvvələri atasından Cavadın məzar daşının dəyişdirilməsini istəyib, lakin atası buna razılıq verməyib. Cavad Heydərinin məzar daşında bir silahdan çıxan qurşunun bir göyərçini hədəf aldığı əks olunub.

Ruhullah Heydəri
Ruhullah Heydəri

Qəzvin vilayətinin türk vətəndaşlarından olan Cavad Heydəri həmin şəhərin "Millət" parkı önündə etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən kürəyindən güllə yarası alaraq həyatını itirib. Onun dəfn icazəsi vərəqəsininin surətinidə ölüm səbəbi kimi “ağır daxili qanaxma", "sol qalça arteriyasının qırılması" və "yüksək sürətli metal mərmi ilə vurulması” qeyd edilib. Buna baxmayaraq, Qəzvin vilayətinin təhlükəsizlik üzrə səlahiyyətlisi Cavad Heydərinin polis və yaxud hər hansı təhlükəsizlik qurumlarının məmurları tərəfindən qətlə yetirildiyini rədd edib.

Mərhum Cavad Heydəri 1982-ci ildə Qəzvin vilayətinin Rəhmətabad kəndində anadan olub, kənd təsərrüfatı ixtisası üzrə ali təhsil alıb.

XS
SM
MD
LG