Avropa Parlamenti Strasburqda bu həftə baş tutan plenar iclasında Avropa İttifaqı-Azərbaycan münasibətlərini müzakirə edəcək. Çərşənbə günü xorvatiyalı deputat Zelyana Zovkonun hesabatı əsasında hazırlanmış qətnamə layihəsi Parlamentdə səsverməyə çıxarılacaq. Qətnamə layihəsində Azərbaycanın Avropa İttifaqı üçün önəmli enerji tərəfdaşı olduğu, ancaq tərəfdaşlığın dərinləşməsi üçün Azərbaycanda demokratiya, insan hüquqları və fundamental azadlıqlarla bağlı problemlərin həllinin vacibliyi vurğulanır.
Sənəddə Avropa İttifaqı-Azərbaycan münasibətləri fonunda üç əsas məsələyə diqqət ayrılır. Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli, Azərbaycanda insan hüquqlarının, qanunun aliliyinin, korrupsiya ilə mübarizənin vəziyyəti və Azərbaycan ilə Aİ arasında enerji, ticari-iqtisadi əməkdaşlıq.
Hesabatın və qətnamə layihəsinin müəllifi Zelyana Zovko Amerikanın Səsinə müsahibəsində deyib ki, Azərbaycan İttifaqın enerji ehtiyaclarını qarşılamaq üçün vacib tərəfdaş olmasına baxmayaraq, insan hüquqlarının, söz və media azadlığının vəziyyəti narahatlıq doğurur.
“Avropa İttifaqı hazırda ciddi suallarla üzləşir. Biz ölkələrlə münasibətlərin inkişafına necə nail olmalıyıq ki, eyni zamanda mübarizə apardığımız dəyələri qoruya bilək. İnsan hüquqları, söz və mətbuat azadlığı kimi dəyərlər fundamental dəyərlərdir. Avropa İttifaqı Rusiya enerjisindən asılılığını azaltmaq üçün enerji diversifikasiyasına, iqtisadi əməkdaşlığa önəm verir. Ancaq bu, bəlli ölkələrlə münasibətlərdə prioritet olmamalıdır. Çünki Avropa İttifaqı bir layihə kimi müəyyən dəyərlər üçün mübarizə aparmaq məqsədi ilə qurulub və bu dəyələrin bütün dünyada əsas təmsilçisidir. Beləliklə, biz hərtərəfli sazişdə bunun tanınmasını, eyni zamanda, tərəfdaşlarımızn bu dəyərləri təbliğ etməsini görmək istəyirik” - Zelyana Zovko qeyd edib.
Azərbaycanda insan hüquqları və fundamental azadlıqlar
Qətnamə layihəsində qeyd edilir ki, Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər demokratiyaya, qanunun aliliyinə və insan hüquqlarına hörmətə əsaslanmalıdır və münasibətlərin dərinləşməsi üçün Azərbaycan bu istiqamətdə səmərəli və nəzərəçarpacaq tərəqqi göstərməlidir.
Sənəddə Azərbaycanda mətbuat azadlığının vəziyyəti, “Media haqqında” yeni qanun barədə narahatlıq ifadə edilir, Azərbaycan hökuməti Venesiya Komissiyasının rəyini nəzərə alaraq media qanununu yenidən nəzərdən keçirməyə, müstəqil və plüralist media mühitinin yaradılması üçün səyləri artırmağa çağırılır. Parlamentarilər, həmçinin, həbsdə olan jurnalist və bloqerlərin azad edilməsinə, onlara qarşı təqiblərin dayandırılmasına çağırılır. Ölkə daxilində və xaricdə siyasi fəallara, jurnalistlərə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinə qarşı təqib və repressiyalar qətiyyətlə pislənir.
Avropa Parlamentinin Almaniyadan olan deputatı Viola Von Kramon sənədin hazırlanmasında iştirak edən deputatlardan biridir. Von Kramon bu yaxınlarda mövzu ilə bağlı Amerikanın Səsinə müsahibəsində qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsi insan hüquqlarının vəziyyətində də özünü əks etdirməlidir.
“Avropa İttifaqı müxtəlif iqtisadi sahələrdə əlaqələrin genişlənməsində maraqlıdır. Azərbaycan təhcizat, nəqliyyat, enerji resursları baxımından vacib tərəfdaşdır. Ancaq məsələnin həm də siyasi tərəfi var. Biz Azərbaycanın demokratikləşməsinin tərəfdarıyıq. Ticari-iqtisadi əlaqələrin dərinləşməsi insan hüquqlarının vəziyyətində də özünü əks etdirməlidir. Jurnalistlərin müstəqil fəaliyyət göstərə bilmələrinə şərait yaradılmalıdır. Onlar tənqidi yazılarına görə hücuma və təqiblərə məruz qalmamalıdır. Azərbaycan, həmçinin, Avropa Şurası üzvü kimi fundamental hüquqları qorumalıdır. Avropa Şurasına üzv olarkən Azərbaycan müəyyən dəyərlərin qorunması və təbliğinə dair öhdəlik götürüb. İnsan hüquqları bu dəyərlərdən biridir. Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin dərinləşməsi üçün bu məsələlər sorğulanmalıdır” - Von Kramon bildirib.
Von Kramon vurğulayır ki, Azərbaycanda təkmilləşdirilməsinə ehtiyac olan məsələlərin böyük bir siyahısı var: “Siyasi məhbuslar olmamalıdır, polis idarələrində işgəncələrə son qoyulmalıdır, müstəqil jurnalistlərə qarşı təqiblərə son qoyulmalıdır, müxalif siyasi təşəbbüslər boğulmamalıdır və s.”
Qətnamə layihəsində Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi, qərəzsizliyi və effektivliyinin olmamasından narahatlıq ifadə edilir və hökumət məhkəmə və prokurorluq sistemində islahatlar aparmağa çağırılır. O cümlədən, Azərbaycanın korrupsiya ilə mübarizədə əldə etdiyi məhdud irəliləyiş təəssüf hissi ilə qarşılanır.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, münaqişənin həlli
Azərbaycan və Ermənistan arasındakı münaqişənin həllinə gəldikdə, Avropa Parlamenti hər iki tərəfi məsələnin güc yolu ilə həllindən çəkinməyə, beynəlxalq hüquq normaları əsasında hərtərəfli sülh müqaviləsinin hazırlanmasında iştirak etməyə çağırır.
Qətnamə layihəsində tərəflər 9 noyabr bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirməyə, gərginliyə səbəb olacaq addımlardan, düşmənçilik ritorikası və nifrət nitqindən çəkinməyə çağırır.
Digər tərəfdən, Parlament Azərbaycanın münasibətlərin normallaşdırılması üçün atdığı addımları, o cümlədən, 2022-ci ilin martında təqdim edilən beş prinsip təklifini alqışlayır və hər iki tərəfi Naxçıvan bölgəsini Azərbaycanın qalan hissəsi ilə əlaqələndirmək üçün əlverişli həll yolu tapmağa çağırır.
Avropa Parlamenti həmçinin, Rusiya sülhməramlılarının bölgədəki mövcudluğu və onların Cənubi Qafqazdakı siyasi proseslərə potensial təsiri barədə narahatlığını ifadə edir. Qurum hesab edir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi onun sülhməramlılığını şübhə altına alır.
Bu baxımdan, Avropa Parlamenti 2022-ci ilin fevralında Moskvada imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” barədə, habelə Azərbaycanın BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi ilə bağlı səsə qoyulmuş qətnamələrə dəstək verməməsindən narahatlığını ifadə edir.
Enerji, ticari-iqtisadi əlaqələr
Son olaraq, sənəddə Azərbaycanla-Aİ arasındakı enerji, ticari-iqtisadi əlaqələrə toxunulur. Azərbaycanın karbohidrogen xammalı təchizatçısı kimi strateji rolu, Aİ-nin enerji təchizatının təhlükəsizliyi və diversifikasiyasına töhfə verməyə hazır olması alqışlanır. Azərbaycanın bərpaolunan enerji istehsalçısı kimi potensialı da qeyd edilir.
Ancaq Parlament Avropa İttifaqının qurumlarına Aİ ilə Azərbaycanın münasibətlərinin dərinləşdirilməsinin ölkənin demokratiya, insan haqları və fundamental azadlıqlar kimi təməl dəyər və prinsiplərə göstərdiyi hörmətlə şərtlənməsi barədə çağırış edir.