Yazıçı Rafiq Tağıya qarşı sui-qəsd və onun ölümü ictimaiyyətin diqqət mərkəzindədir. Yerli və beynəlxalq mediada yazıçının qətli ilə bağlı çoxsaylı yazılar dərc edilib. Ölkə ictimaiyyəti azad sözə qarşı sui-qəsdi pisləyir.
Rafiq Tağı dünyada jurnalistlərin qatillərinin cəzalandırılmamasına qarşı beynəlxalq mübarizə günündə - noyabrın 23-də qətlə yetirilib. Müstəqillik illərində Azərbaycanın 11 jurnalisti öldürülüb. Onların 9 nəfəri silahlı münaqişələr zamanı həlak olub. Amma, indiyədək bir jurnalistin belə qatili tapılaraq məhkəmə qarşısına çıxarılmayıb.
Bu gün rəsmi Bakı yerli medianın sualının cavabında yazıçı Rafiq Tağının qətlini pisləyib. Amma, beynəlxalq qurumlar, o cümlədən ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç yazıçı dünyasını dəyişən gün, noyabrın 23-də dərhal azad sözə qarşı qəsdi qəti şəkildə pisləmişdi. Beynəlxalq qurumlar həmçinin Elmar Hüseynov da daxil olmaqla ölkədə yazarlara qarşı olan cinayət işlərinin istintaqının yekunlaşdırılmasını və canilərin tapılaraq məhkəməyə verilməsini tələb edib.
Beləliklə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Media Forum” saytının sualının cavabında deyib ki, Rafiq Tağı Azərbaycan hakimiyyəti ilə problemi olan insan deyildi. “Rafiq Tağı istər jurnalist, istərsə də başqa fəaliyyəti ilə heç vaxt hakimiyyətlə, dövlət strukturları ilə konflikti olmayan adam idi. İndi nə olub, ona qarşı sui-qəsdi kim edib, niyə edib kimi məsələlər öyrənilməlidir, axtarılmalıdır, tapılmalıdır. Bundan sonra məsələyə qiymət vermək olar”.
Cənab Həsənov sui-qəsdin motivi ilə bağlı sualın cavabında bildirib ki, hazırda buna heç cür qiymət verə bilməz. “Bu məsələ tam aydınlaşmayana, onu bıçaqlayanlar tapılmayana qədər buna qiymət vermək olmaz. Amma, mən bunun siyasi, ictimai qətl olmasını düşünmürəm. Rafiq Tağı kimə qarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da belə bir qəsd olunsun? İstənilən halda bu, bir kriminaldır. Amma, bu kriminalı kimin, niyə, hansı məqsədlə etdiyi araşdırılmalıdır, aydınlaşmalıdır”.
Azərbaycan rəsmilərindən fərqli olaraq beynəlxalq təşkilatlar və bir sıra Avropa dövlətləri yazıçıya qarşı sui-qəsdin söz azadlığına və demokratiyaya qarşı olduğunu bəyan edir.
Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin sözçüsünün “Rafiq Tağının qətli” adlı bəyanatında deyilir ki, noyabrın 19-da Bakı küçələrindən birində qəddarlıqla bıçaqlanmış azərbaycanlı yazıçı və jurnalist Rafiq Tağının ölüm xəbərindən çox mütəəssir olduq. “Rafiq Tağı öz tədqiqatlarının keyfiyyəti və ciddiliyi ilə hamı tərəfindən tanınırdı. Onun ölümü ilə, öz ölkəsində və həm də xaricdə, siyasi və jurnalistika dairələrində dinlənilən və hörmət edilən bir səs bizi tərk edib”.
Azərbaycan hökumətindən fərqli olaraq Fransa hökuməti bu ağrılı anlarda mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına öz həmrəyliyini bildirib. “Fransa bu mənfur cinayəti törədənlərin və onun sifarişçilərinin tezliklə tapılması və ədalət məhkəməsinə verilməsi üçün azərbaycan rəsmilərini bütün imkanlardan istifadə etməyə çağırır. Fransa xatırladır ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da jurnalistlərin təhlükəsizliyi və mətbuat azadlığı demokratiyanın fundamental prinsiplərini təşkil edir”, - deyə nazirliyin noyabrın 24-də yaydığı bəyanatda deyilir.
Nəhayət bu gün, noyabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da tanınmış yazıçı Rafiq Tağının ölümünə münasibət bildirib. “Biz Rafiq Tağıya qarşı sui-qəsdi qətiyyətlə pisləyirik. Yazıçının bıçaqlanması çox ağır bir cinayətdir. Ümumiyyətlə hər hansı bir insanın bıçaqlanması cinayətdir. Əgər bu, yazıçıya qarşı törədilibsə, çox naqis və bağışlanmaz hərəkətdir”, - deyə o qeyd edib.
Maraqlı məqamlardan biri də mühacirətdə fəaliyyət göstərən İran Yazıçılar Birliyinin Azərbaycan Yazıçılar Birliyi ilə eyni gündə yaydığı bəyanatıdır. Amma, Azərbaycan Yazıçılar Birliyindən fərqli olaraq İran Yazıçılar Birliyinin Rafiq Tağının qətlində günahkarın kim olduğunu qeyd edir və onu ittiham edir.
İranın Azərbaycandakı səfirliyinin sui-qəsddə İranın adının çəkilməsini təkzibindən sonra bu ölkənin mühacirətdə olan yazıçıları İran rejimini yazıçıları qətlə yetirməkdə günahlandırır.
“Media forum” saytının məlumatına görə, mühacirətdə olan İran Yazıçılar Birliyinin bəyanatında deyilir. “Birinci dəfə deyil ki, İran İslam Respublikası yazıçıların ölümünə şərait yaradır və onu təşkil edir. Həm İran, həm də dünya əhalisi birbaşa ETTELAAT məmurlarının əli ilə qətlə yetirilən və ya zindanlarda edam olunan yazıçıları unutmayıb. Öldürülən yazıçılar siyahısında Səid Sultanpur, Səidi Sircani, Piruz Dəvani, Məhəmməd Muxtari və Cəfər Puyəndə kimi yazıçıların adları var. Qətlə yetirilmiş bu yazıçıların siyahısı isə islam respublikası rejiminin qırğın, işgəncə və repressiya siyasətinin göstəricisidir”.
İslam respublikasının göstərişi və fitvası ilə baş verən son qətllərdən biri də azərbaycanlı yazıçı Rafiq Tağının öldürülməsidir. “Bu yazıçı “İran və qloballaşma qaçılmazlığı” adlı bir məqaləsində islam respublikasının rəftar və siyasətini tənqid etdiyinə görə bir qatilin hücumuna məruz qalaraq yaralandı və xəstəxanada can verdi. O həmçinin bundan əvvəl “Avropa və biz” adlı digər məqaləsində İran İslam Respublikasının islam inqilabını ixrac etməyə cəhd göstərməsini tənqid etdiyinə görə axund Fazil Lənkərani tərəfindən ölümə məhkum edilmişdi. Bu terrorla eyni vaxtda Əhvazdan olan Nasir Cəbərzərqani adlı bir ərəb şairi də islam respublikasına müxalif mövqeyinə görə rejim məmurlarının hücumuna məruz qalaraq ağır yaralanıb, ölümcül vəziyyətdə xəstəxanaya düşüb. Rejim məmurları hazırda ölüm ayağında olan bu şairin evini də dağıdıblar”.
İranlı yazıçılar bildirir ki, İran İslam Respublikası onu hər yandan böhran bürüdüyü vaxtda da adam öldürmək, terror siyasətindən əl çəkmir. “O hələ də danışan dilləri kəsməyə çalışır. Biz sürgündə fəaliyyət göstərən İran Yazıçılar Birliyi olaraq yazıçılara hər hansı hücumu, onlara xəsarət yetirilməsini, öldürülməsini kəskin pisləyir, bu siyasətin davam etdirilməsini islam respublikasının, azadlıq öldürən rejimin sarsılmasının göstəricisi kimi qiymətləndiririk”, - deyə bəyanatda qeyd edilir.
Noyabrın 15-də Azərbaycan Səhiyyə Nazirliyi isə yazıçının xəstəxanada ölümünün səbəbləri əks olunmuş ilkin tibb ekspertizanın nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin məlumatında deyilir ki, Rafiq Tağıyevin meyiti noyabrın 23-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qərarına əsasən Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyində yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə komisyon qaydada ekspertiza müayinəsindən keçirilib. “Meyitinin ekspertizasının ilkin nəticəsinə görə, mərhumun ölümünə səbəb ona yetirilmiş çoxsaylı deşilmiş-kəsilmiş yaralanmalar nəticəsində daxili üzvlərin (dalaq, mədəaltı vəz, diafraqma) zədələnməsindən inkişaf etmiş süst gedişli peritonit, nazik bağırsağın atoniyası və intoksikasiya, eləcə də əvvəllər keçirdiyi ikitərəfli plevrit xəstəliyinin qalıq əlamətləri fonunda ağciyərlərin kəskin ödemi olub”.