Accessibility links

İranın din xadimi yazıçı Rafiq Tağının qətlini alqışlayıb


İranın din xadimi yazıçı Rafiq Tağının qətlini alqışlayıb
İranın din xadimi yazıçı Rafiq Tağının qətlini alqışlayıb

Din xadimi deyir ki, bu hökmü icra etməklə müsəlmanları sevindirmiş şəxsin Allah tərəfindən böyük mükafatı olacaq

İranlı ayətullah Məhəmməd Fazil Lənkəraninin oğlu Məhəmməd Cavad Lənkərani

azərbaycanlı yazıçı, publisist Rafiq Tağının öldürülməsini alqışlayıb. Bu sensasiyalı xəbər noyabrın 28-də din xadiminin saytında yayılıb: http://www.fazellankarani.com/persian/news/4878/

O Azərbaycan xalqına müraciət edərək sevinc hissi ilə bildirir ki, “Qəhhar Allaha şükür edirik ki, onun intiqam əli qeyrətli müsəlmanlar arasından aşkar oldu və İslam müqəddəsliklərini, Allahın Rəsulunu (s) təhqir etmiş xəbis bir fərdi cəhənnəmə yola saldı”. “Heç şübhəsiz, bu hökmü icra etməklə müsəlmanları sevindirmiş şəxsin Allah tərəfindən böyük mükafatı olacaq”, - deyə şeyx Məhəmməd Lənkərani qeyd edir.

“İslamın düşmənləri bilsinlər ki, azad müsəlmanlar və qeyrətli gənclər İslam müqəddəsliklərinin aşağılanmasına, dünya imperializminin və beynəlxalq sionizmin rəzil fitnəkarlıqlarının reallaşmasına icazə verməyəcək, dinini satanları rüsvayçı əməllərinin cəzasına çatdıracaq. Mən dünya müsəlmanlarını, ilk növbədə Azərbaycan xalqını təbrik edirəm, bu mürtəd şəxsin cəzalandırılması barədə hökm çıxarmış böyük şiə mərcə alimi Ayətullah-üzma Lənkəraninin xatirəsini əziz tutur, ona Allah-Təaladan uca məqam arzulayıram”, - bəyanatda vurğulanır.

Qeyd edək ki, ayətullah Məhəmməd Fazil Lənkərani fətvanı 2006-cı ildə Rafiq Tağının “Avropa və biz” məqaləsi ilə bağlı verib. Məqalədə Məhəmməd Peyğəmbərin ünvanına tənqidi fikirlər söylənib.

R.Tağıya sui-qəsd bu il noyabrın 19-da axşam törədilib. Naməlum şəxs ona 7 bıçaq yarası vurub. Noyabrın 23-də isə 61 yaşlı publisist xəstəxanada vəfat edib.

Yerli ekspertlər hesab edir ki, İran din xadiminin bəyanatı Azərbaycan-İran münasibətləri üçün ciddi nəticələr verə bilər. “Belə ki, bu bəyanat siyasi qətllə bağlı sifarişin Tehrandan gəldiyini rəsmi təsdiqləyir. Azərbaycan və İran arasında ərazilərində bir-birinin qarşı siyasi qüvvələrin olmasının yolverilməzliyi haqqında müqavilə var. İranın din xadiminin Azərbaycan vətəndaşının qətli ilə bağlı fətva verməsi və bu qətli alqışlaması hər iki dövlətdə hüququ qüvvəyə minmiş razılaşmaya ziddir”, - deyə yerli ekspertlərdən bildirib.

Ekspert həmçinin hesab edir ki, Rafiq Tağının qətli Azərbaycanda siyasi qətlləri və digər cinayətləri yerinə yetirməyə hazır olan İran agenturası şəbəkəsinin olmasından xəbər verir.
Rəsmi Bakı hələ İran din xadiminin bəyanatını şərh etmir.

XS
SM
MD
LG