Yazıçı Rafiq Tağıya xəsarət yetirilməsi faktı üzrə başlanmış cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, noyabrın 19-da saat 22 radələrində Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Tağıyev Rafiq Nəzir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə Klinik Tibb Mərkəzinə daxil olub.
Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Müəyyən edilib ki, qeyd edilən tarixdə Rafiq Tağıyev işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla coxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Mətbuat Xidməti bildirir ki, cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilib. İşin istintaqı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Yazıçının bıçaqlanmasına yerli jurnalist təşkilatları da münasibət bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıçı-jurnalist Rafiq Tağının səhhəti ilə maraqlanmaq üçün Klinik Tibbi Mərkəzdə olub.
Mətbuat Şurası bildirir ki, media ictimaiyyətində belə bir xoşagəlməz halın R.Tağının son vaxtlarkı mətbu çıxışları ilə bağlılığına dair fikirlər yayılmaqdadır. Bütün bunlara görə hadisəyə hüquqi qiymətin verilməsi, günahkarın və ya günahkarların tezliklə tapılaraq qanun qarşısında cavab vermələrinin təmin olunması vacibdir.
Media Hüququ İnstitutu Rafiq Tağının bıçaqlanmasını kəskin pisləyir, bu qanlı hadisəni Azərbaycanda ifadə azadlığını hədələyən növbəti qanqaraldan olay hesab edir.
İnstitutun bəyanatında deyilir ki, yazar özü güman edir ki, ona hücum yazıları ilə, xüsusən də bir müddət öncə yazdığı “İran və qloballaşma” məqaləsi ilə bağlıdır. “Media Hüququ İnstitutu hökuməti, hüquq mühafizə orqanlarını publisist-yazarın bıçaqlanması olayını ən qısa zamanda araşdırmağa, günahkarı mühakimə etməyə, araşdırmalarla bağlı toplumu bilgiləndirməyə çağırır”.
Azərbaycan İslam Partiyası sədrinin ictimai və təşkilati məsələlər üzrə müavini Rövşən Əhmədov “Media forum” saytına deyib ki, yazıçı Rafiq Tağıya sui-qəsd ölkədəki dindar kəsimə qarşı yönəlmiş təxribatdır. Rövşən Əhmədovun qənaətinə görə, ölkədə xaos yaratmaq, təxribat törətmək istəyən xeyli qüvvə var. “Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda təqibə, təzyiqə, repressiyaya məruz qalan dindarlardır, Azərbaycan İslam Partiyasıdır. Azərbaycan cəmiyyətində Rafiq Tağı kimiləri çoxdur. Hesab edirəm ki, Rafiq Tağı kimiləri də nəyisə dəyişmək qüdrətində deyillər. Lakin, belə adamları əlində oyuncağa çevirib öz istədikləri vəziyyəti yaratmaq, sərfəli nəticə əldə etmək niyyətində olan qüvvələr var. Təəssüf ki, belə adamlar üçün Rafiq Tağı və onun kimilər göydən düşmədir. Rafiq Tağıya qəsd edənlər də Azərbaycanda islamı təqib edən qüvvələr üçün bir alətdir”, - deyə İslam Partiyasının sədr müavini qeyd edib.