Accessibility links

Rafiq Tağı: Bıçaqla vurdu, qaçıb getdi... tövsəyirdi, həyəcanlı idi


Rafiq Tağı: Bıçaqla vurdu, qaçıb getdi... tövşəyirdi, həyəcanlı idi
Rafiq Tağı: Bıçaqla vurdu, qaçıb getdi... tövşəyirdi, həyəcanlı idi

Yazıçı sui-qəsdin yazılarına görə edildiyini güman edir. Cənab Tağı “İran və qloballaşma qaçılmazlığı” yazısına şərhlərdə xoşagəlməz ifadələr olduğunu deyir.

Noyabrın 19-da bıçaqlanmış yazıçı Rafiq Tağı bu gün xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb. O xəstəxana palatasından Amerikanın Səsi radiosuna müsahibə verib. Yazıçı bir qara geyimli şəxs tərəfindən bıçaqlandığını bildirib. Cənab Tağı ona qarşı hücumun bu il noyabrın 10-da dərc etdirdiyi “İran və qloballaşma qaçılmazlığı” məqaləsi ilə bağlı olduğunu güman edir.

Sual: Sizi harada vurdular, kim vurdu. Həmin şəxsi görə bildinizmi?

Cavab: Mən metronun “28 May” stansiyasında 1-a marşrut avtobusuna minib, evimə getmək üçün Təhsil nazirliyinə çatmamış elektrik qatarlarının keçmiş Fioletov adlanan dayanacağına yaxın düşdüm. Avtobusdan düşəndə heç kim yox idi. Bir xeyli getdim. Gördüm ki, arxadan bir nəfər tövşüyə-tövşüyə mənə sarı qaçır. Ehtiyatlandım. Dedim, bəlkə oğru olar. Ona görə, əlimdəki qovluğu tutdum qabağa. Dedim gəlib, nə isə soruşar. Gördüm yox, dəmiryol relslərinə 10-15 metr qalmış qəflətən, gözləmədiyim halda sağ çiynimdən bıçaq zərbəsi endirdi. Sonra bıçağı çıxarıb sol tərəfdən bir neçə yerdən yeddi dəfə vurdu. Sonra da geriyə qaçıb getdi.

Sual: Siz onu görə bildinizmi, sifəti, görkəmi necə idi?

Cavab: Çox qaranlıq idi, orada işıq yox idi. Üzünü də deyəsən örtmüşdü, üzünü örtmüşdü.

Sual: Yəni maska geyinmişdi?

Cavab: Maska deyildi, amma nə ilə isə üzünü örtmüşdü. Qara paltarda idi. Məndən bir az hündür idi, 30-35 yaşı olardı. Çox həyəcanlı idi. Zərbələri endirəndən sonra qaçıb getdi.

Sual: O, sizə nə isə dedi?

Cavab: Heç bir söz demədi ki, onu tanımaq mümkün olmasın. Heç bir söz demədi. Amma, tövsəyirdi, həyəcanlı idi.

Sual: Sizə qəflətən zərbə endirdi? Dönməyə imkan vermədi?

Cavab: Qəflətən. Mən heç güman etməzdim. Gedirdim. Qəflətən məni itələdi, mən də səndələdim. Heç imkan olmadı, gördüm o biri zərbələri endirdi. Nə isə iti bıçaq idi, nə idisə. Bir neçə dəfə zərbə endirdi və dərhal qaçdı geriyə. Deyəsən, orada kim isə onu gözləyirdi, maşınla ola bilərdi ki, tez getsinlər. Mən də isti-isti, gördüm ki, yaralardan qan da axır, bir təhər dəmiryolunu keçib özümü evimə çatdırdım. Təcili tibbi yardım çağırdıq, onlar da məni Kliniki Tibbi Mərkəzə gətirdilər.

Sual: Sizi vuran adamın paltarı necə idi?

Cavab: Belə, qaramtıltəhər paltar idi. İmkan olmadı sezəm. Zərbələrdən sonra qan axırdı. Çox qaranlıq idi. Orada təzə bina tikilir. Ancaq, onun siluetini gördüm.

Sual: Sizin kiminləsə şəxsi düşmənçiliyiniz olubmu? Bəlkə, kimsə sizi hədələyib?

Cavab: Heç kimlə şəxsi düşmənçiliyim yoxdur. Hamı ilə dostluq əlaqələrim var. Sadəcə deyirəm ki, ola bilsin bu, mənim yazılarıma görə olub. Təşkil elənib.

Sual: Bu il noyabrın 10-da www.kulis.az saytında “İran və qlobalaşma qaçılmazlığı” başlıqlı yazınız dərc edilib. Bu yazıdan sonra sizə qarşı təhdidlər, hədələr, zənglər olubmu?

Cavab: Yox, təhdid olmayıb. Amma, məqalənin sonunda, aşağıda rəylərdə çox xoşagəlməz sözlər var idi. Həm də, bu işi təşkil edən adam təhdid etməzdi ki, bilinsin.

Sual: Siz 2006-cı ildə “Avropa və biz” başlıqlı məqaləyə görə həbs edilibsiniz. Həmin məqalədən sonra İranda bir qrup ayətullah və Azərbaycanda bir qrup dindar ölümünüzə fətva vermişdi. Siz həbsdən azad edildikdən sonra bu yazı ilə bağlı təhdidlərə, hədələrə məruz qalıbsınız?

Cavab: Bəzi məqalələrdə, yazılarda hədələr olurdu. Yazırdılar ki, bu çox yaşamaz və sairə. Yazılarda olurdu. Sonra hesab etdim ki, hədələr səngidi. Ara-sıra bəzən yenə mənə bəzi məqamlarda toxunurdular. İndi, yəqin bunlar mənim yazılarımı izləyirmişlər. Yəqin ki, indi qərara gəliblər. Mən belə hesab edirəm. Ola bilər ki, səhv edirəm.

Sual: Ümumiyyətlə, kimi günahkar görürsünüz?

Cavab: Günahkar barədə heç nə deyə bilmirəm. Özüm də şok vəziyyətindəyəm. Bilmirəm, bu kim ola bilər. Çünki, bu nə oğurluq oldu, nə başqa bir şey. Zərbə endirdi və qaçdı getdi. Nə isə təşkil olunmuş bir iş idi.

Sual: Belə görünür, o qəsd etmək istəyirmiş?

Cavab: Sui-qəsd. Elə məqsəd o olub. Bəlkə də elə bilib ki, bu qədər zərbələrdən sonra öldüm. Amma, nə isə alınmadı.

XS
SM
MD
LG