Accessibility links

Yazıçı Rafiq Tağının ailəsi tibbi heyəti məhkəməyə verir


Yazıçı Rafiq Tağının ailəsi tibbi heyəti məhkəməyə verir
Yazıçı Rafiq Tağının ailəsi tibbi heyəti məhkəməyə verir

Azərbaycan Baş Prokurorunun birinci müavini ilə daxili işlər nazirinin müavini Rafiq Tağının ölümü ilə bağlı müşavirə keçirib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi yazıçı-publisist Rafiq Tağının ölümünün səbəbləri barədə yekun ekspertiza rəyini açıqlayıb. Yazıçının ailəsi isə bu rəydən narazıdır.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yekun ekspertiza rəyində deyilir ki, yazıçının ölümünə səbəb döş qəfəsi və daxili üzvlərin çoxsaylı deşilmiş-kəsilmiş yaraları və bununla bağlı keçirilmiş cərrahi əməliyyatdan sonra inkişaf edən süst gedişli peritonit, nazik bağırsağın atoniyası, orqanizmin zəif intoksikasiyası, eləcə də hər iki ağciyər divarının plevrası ilə tikişmələri fonunda ürəyin xroniki işemiya xəstəliyinin (əvvəllər keçirdiyi infarkdan sonra iriocaqlı kardioskleroz, ürək əzələsinin qalınlaşması) kəskinləşməsi nəticəsində kəskin ürək-ağciyər çatışmazlığı olub.

Rafiq Tağının qardaşı Alim Tağıyev Amerikanın Səsi radiosuna deyib ki, yekun ekspertiza rəyi ilkin rəyə uyğun gəlmir. “Yekun rəydə yazılanın əksinə olaraq Rafiq Tağı heç zaman infarkt keçirməyib. Onda ağciyər çatışmazlığı da müşahidə etməmişik”.

Alim Tağıyev vurğulayıb ki, Rafiq Tağı xəstəxanada müalicənin düzgün aparılmaması, tibbi heyətin başdansovdu yanaşması və baxımsızlıq üzündən dünyasını dəyişib. “Ailəmizin hər bir üzvü tibbi heyətin başdansovdu münasibətinin şahidi olub. Səhiyyə Nazirliyinin ekspertizası bununla bağlı suallara cavab vermir. Rafiq Tağının ölümünə görə məsuliyyət daşıyan səhiyyə rəsmiləri və həkimlər məhkəmə qarşısında dayanmalıdır”, - deyə o qeyd edib.

Alim Tağıyev qardaşının ölümünə səbəb olmuş tibbi heyəti məhkəməyə verəcəklərini deyib. “Ailəmizin vəkili məhkəməyə təqdim etmək üçün sənədləri hazırlayır”.

Yazıçı Rafiq Tağı noyabrın 19-da Bakıda bıçaqlanıb və noyabrın 23-də müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Rafiq Tağı yazılarındakı tənqidlər dözümsüzlüklə qarşılanıb. O 2006-cı ildə dərc etdirdiyi “Avropa və biz” publisistik yazısına görə həbsə məhkum edilib. İranlı ayətullah yazıçının ölümünə fətva verib. O, 2011-ci il noyabrın 10-da “İran və qloballaşmanın qaçılmazlığı” yazısından sonra noyabrın 19-da evinin yaxınlığında bıçaqlanıb.

Azərbaycan Baş Prokurorunun birinci müavini ilə daxili işlər nazirinin müavini Rafiq Tağının ölümü ilə bağlı müşavirə keçirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsi radiosuna deyib ki, noyabrın 19-da 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi Tağıyev Rafiq Nəzir oğlunun yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə dekabrın 14-də Baş prokurorun birinci müavini Rüstəm Usubov və Daxili İşlər nazirinin müavini Vilayət Eyvazovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupunun hesabatı dinlənilib.
Müşavirədə istintaq-əməliyyat qrupunun üzvlərinə cinayəti törətmiş şəxsin tutularaq məsuliyyətə cəlb olunması məqsədi ilə müəyyən edilmiş istintaq fərziyyələri üzrə zəruri olan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün konkret tapşırıq və tövsiyələr verilib.

Xatırladaq ki, Rafiq Tağının qətlinin motivi hələ də rəsmi səviyyədə elan edilməyib. Rafiq Tağının qətlinmi araşdıran müstəqil jurnalistlər qrupu bildirib ki, yazıçının qətlə yetirildiyi ərazidə çoxsaylı kameralar var. Yazıçının özü isə Amerikanın Səsi radiosuna noyabrın 21-də verdiyi müsahibədə deyib ki, onu bir nəfər qara paltarda və üzünü örtmüş şəxs bıçaqlayıb. Rafiq Tağı onu bıçaqlayan şəxsi tanımayıb.

XS
SM
MD
LG