Accessibility links

Növbətçi həkim: "Rafiq Tağının vəziyyəti ağırdır!" (YENİLƏNİR)


Növbətçi həkim: "Rafiq Tağının vəziyyəti ağırdır!" (YENİLƏNİR)
Növbətçi həkim: "Rafiq Tağının vəziyyəti ağırdır!" (YENİLƏNİR)

6 bıçaq zərbəsinə məruz qalan tanınmış yazıçı hazırda əməliyyat masasındadır

Azərbaycanın tanınmış yazıçılarında Rafiq Tağı bu gün axşam saatlarında işdən evə gedərkən, evinin yaxınlığında qaranlıq bir küçədə hücuma məruz qalıb. Naməlum bir şəxs ona arxadan yaxınlaşaraq 6 bıçaq zərbəsi endirib. Zərbələrin 3-ü kürək nahiyəsi, 3-ü isə yan hissədən qabırğa nahiyəsinə endirilib. Yazıçı 6 bıçaq zərbəsi almasına baxmayaraq, qanı axa-axa özünü evə çatdıra bilib. Yaxınları təcili tibbi yardım çağıraraq onun xəstəxanaya çatdırılmasına müvəffəq olub. Hazırda Rafiq Tağı əməliyyat masasındadır. Əməliyyatın təxminən bir saatdan sonra başa çatacağı bildirilir.

Həkim hadisə yerində olan əməkdaşımıza bildirib ki, bıçaq zərbələri yazıçının ürək nahiyəsinə ciddi zədə vurmayıb. Buna baxmayaraq bıçaq zərbəsi Rafiq Tağının qarın boşluğunu dəlib keçib. Hazırda həkimlər onun ürək nahiyəsində əməliyyatı başa çatdıraraq, qarın boşluğunda yeni əməliyyata başlamağı planlaşdırır.

Məsul növbətçi cərrah Abbas Abbasov Amerikanın səsinə bildirib ki, çoxsaylı bıçaq zərbələri var: "Bıçaq zərbələri kürək və ürək nahiyəsindən endirilib. Rafiq Tağı çoxlu qan itirib. Bıçaq zərbələrindən biri kürək sümüyünü qırıb, digər bir zərbə isə hücuma məruz qalan şəxsin qabırğasını sındırıb. Zərbələrdən biri ürək nahiyəsindən diafraqmanı dəlib keçib. Vəziyyəti ağırdır". Həkim bildirib ki, hazırda yazıçının cərrahiyyə əməliyyatı davam edir.

Hadisənin motivləri hələlik heç kəsə bəlli deyil. Yazıçının qardaşları Rafael və İlqar Tağıyev Amerikanın səsinə bildirib ki, Rafiq Tağının heç kəslə şəxsi ədavəti olmayıb.

Hazırda həkim kimi fəaliyyət göstərən cənab Tağı həm də ədəbi yaradıcılıqla məşğuldur.

O, 2006-ci ildə "Sənət" qəzetində çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs edilib.
Məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ancaq prezidentin əfv fərmanı ilə 8 aydan sonra o, azadlığa qovuşmuşdu. Bu məqaləyə görə, 2007ci ildə İrandakı bir neçə ayətulla cənab Tağı barədə fitva qərarı vermişdi.

Bundan başqa Rafiq Tağının bu yaxınlarda www.kulis.az veb səhifəsində "İran və qloballaşma qaçılmazlığı" adlı məqaləsi dərc olunub. Bu məqalədə "Müasir İran – asanlıqla dağılası mifdir" kimi ifadələr yer alır.

Hazırda əməkdaşımız Tapdıq Fərhadoğlu Rafiq Tağınını əməliyyat olunduğu xəstəxanadadır. Təxminən bir saatdan sonra əməkdaşımız yazıçının səhhəti və digər məsələlər barədə ətraflı məlumat verməyə çalışacaq.

XS
SM
MD
LG