Azərbaycan Prezidenti Donald Trampı ABŞ Prezidenti kimi fəaliyyətə başlaması münasibəti ilə təbrik edib

Azərvbaycan Prezidenti İlham Əliyev Donald Trampı ABŞ-ın 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və “dost Amerika xalqının rifahı naminə qarşıdakı məsul ali dövləti fəaliyyətində uğurlar” arzulayıb.

“Əminəm ki, Sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır. Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlar və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər”, o qeyd edib.

Prezident Əliyev ABŞ-la onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığı yüksək qiymətləndirir, ölkəsinin enerji siyasətinə Donald Trampın verdiyi daimi dəstəyi xüsusi vurğulayır.

“Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik. İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir,” Əliyevin təbrikində deyilir.

Donald Tramp yanvarın 20-də and içərək Birləşmiş Ştatların 47-ci prezidenti oldu.