İqtisad elmləri doktoru, anti-korrupsiya eksperti Qubad İbadoğlunun oğlu Emin Bayramlı iki həftə sonra Ağ Evdə ikinci dönəm prezidentliyə başlayacaq Donald Trampa atası ilə bağlı müraciət edib.
O, bu barədə X platformasında qeyd edib.
"Donald Tramp xahiş edirəm atamı bizə qaytarmağa kömək edin. Keçmiş Duke və Rutgers Universitetinin professoru, ABŞ institutlarında şərəflə xidmət etmiş və dərs demiş atam 18 aydır korrupsiyalaşmış Azərbaycan rejiminin girovluğundadır", o qeyd edib.
Öz növbəsində Almaniya Bundestaqının deputatı Rasha Nasr iqtisad elmləri doktoru Qubad İbadoğlunu azad etməyə çağırıb.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.
Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bununla yanaşı, İbadoğlunun ölkədən çıxışına qadağa qoyulub.
Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib. Buna baxmayaraq İbadoğlu müayinə və müalicə üçün belə xaricə buraxılmır.
Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin "kökündən yanlış və qəbuledilməz" olduğunu qeyd edib.
Forum