Texniki problemlər səbəbindən fəaliyyətini dayandırmış "Şahdəniz Alpha" platformasından qaz hasilatı yanvarın 18-i axşam saatlarında bərpa edilib.
Bu barədə BP şirkəti məlumat yayıb.
"BP Şahdəniz qaz-kondensat yatağının işlənməsi layihəsinin operatoru kimi bildirir ki, "Şahdəniz Alpha" platforması 18 yanvar axşam saatlarından başlayaraq yenidən işə salınıb.
Bundan əvvəl, "Şahdəniz Alpha" platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı kondensat ixrac boru kəmərində yaranmış texniki problem tam həll edilmişdir.
Hazırda "Şahdəniz Alpha" platformasından hasilat və ixrac əməliyyatları tədricən artırılmaqdadır. Əməliyyatların normal səviyyəyə çatmasının daha bir neçə gün çəkəcəyi gözlənilir.
Planlarımızı və fəaliyyətlərimizi SOCAR və digər tərəfdaşlarımızla koordinasiya etməklə onlarla yaxından işləməkdə davam edirik", açıqlamada qeyd edilir.
BP-Azerbaijan yanvarın 10-da bildirib ki, Şahdəniz qaz-kondensat yatağındakı Alpha dəniz platformasında əməliyyatları qaz kondensatının nəqli üçün istifadə olunan sualtı qaz boru kəmərində baş verən texniki nasazlıq səbəbilə dayandırıb.
Hasilatın dayanması Bolqarıstan və Serbiyaya qaz tədarükünə təsir etmişdi.
Bakıdan 70 kilometr cənub-şərqdə, Xəzər dənizinin cənub hissəsində yerləşən Şahdəniz yatağı ilk dəfə 1954-cü ildə sovet geoloqları tərəfindən kəşf edilib. Bu ərazi, geoloji baxımdan, Xəzər dənizinin qalan hissəsindən Böyük Qafqaz və Köpetdağ dağ quruluşlarının sualtı davamları ilə ayrılan Cənubi Xəzər çökəkliyinə aiddir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb, hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə Azərbaycan parlamentində ratifikasiya olunub.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator –29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).
Şahdəniz Azərbaycanın təbii qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması üçün istifadə edilən əsas layihələrdən biri hesab olunur.