Azərbaycandan Serbiyaya qaz tədarükü dayandırılmayacaq. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç X sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz tədarükü dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda görməyi səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə böyük təşəkkürümü bildirirəm", o yazıb.
2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” şirkəti arasında 2024-cü ildən başlayaraq Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı müqavilə imzalanıb.
Sənədə görə, 2024-2026-cı illərdə Serbiya Azərbaycandan illik 400 milyon kubmetrədək qaz alacaq, 2027-ci ildən etibarən tədarükün həcmi 1 milyard kubmetrədək artacaq.
Bundan əlavə Azərbaycan və Serbiya qazla işləyən elektrik stansiyası tikəcək.
BP-Azerbaijan Şahdəniz qaz-kondensat yatağındakı Alpha dəniz platformasında əməliyyatları qaz kondensatının nəqli üçün istifadə olunan sualtı qaz boru kəmərində baş verən texniki nasazlıq səbəbilə dayandırıb.
Bu barədə yanvarın 10-da BP şirkətinin sözçüsü Tamam Bayatlı bildirib.
"Platformanın özündə hər hansı problem yoxdur. Texniki nasazlıq Alpha platformasını Səngəçal terminalı ilə birləşdirən sualtı boru kəmərində aşkar edilib. Ehtiyat tədbiri olaraq, platformada əməliyyatlar dayandırılıb”, Bayatlı qeyd edib.
Bayatlı vurğulayıb ki, platforma, onun personalı və əlaqəli qurğular tam təhlükəsizlikdədir.
"Problemin ən qısa zamanda həlli üçün bütün zəruri işlər görülür", o bildirib.
İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Azərbaycan və Aİ arasında yeni qaz anlaşmaları 2022-ci ildə imzalanıb.
"Bundan öncə də anlaşmalar var idi. Aİ-nın əvvəl dörd ölkəsi, indi isə səkkiz ölkəsi Azərbaycandan qaz alır. Bundan əlavə Avropa qitəsində yerləşən və Aİ-na daxil olmayan Serbiya gündə 1.1, 1.5 milyon kub metr arası Azərbaycandan qaz alır. Aİ üçün bu çox önəmlidir. Hətta yeni müqavilələrə görə Azərbaycan Aİ 2027-ci ildə 20 milyard kub metr çox qaz tədarük edəcək. Hələlik 10-11 milyard kub metr qaz tədarük edirik”, o deyib.
Onun sözlərinə görə, Azərbaycanın Aİ-na göndərdiyi qaz həcmi böyük olmasa da Cənubi və Şərqi Avropa üçün çox önəmlidir.
“Serbiya ilə müəyyən anlaşılmazlıq baş vermişdir. Buçiçin bir açıqlaması olmuşdur ki, Azərbaycandan gələn qazda problemlər ola bilər. Amma görünən odur ki, çox qısa müddətdə bu problemlər həllini tapdı. Azərbaycan Serbiyaya qaz ixrac edəcək”, ekspert əlavə edib.
Cəfərli hesab edir ki, Azərbaycanın qaz ehtiyyatlarına Aİ-nın kifayət qədər böyük ehtiyacı var.
“Azərbaycan da bacardığı qədər öz öhdəliklərini yerinə yetirib, Avropa ölkələrinə qaz satmağı düşünür. Əsas qaz alıcımız İtaliyadır. Amma bundan başqa Türkiyəni və Gürcüstanı saymasaq, Yunanıstan, Bolqarıstan, Macarıstan, Serbiya, Xorvatiya və digər ölkələrin Azərbaycan qazından pay alması mümkündür”, o bildirib.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə Azərbaycan parlamentində ratifikasiya olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator –29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Şahdəniz yatağından 3,1 milyon ton qaz kondensatı hasil edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,1% azdır.
Şahdəniz yatağı Azərbaycanı əhəmiyyətli enerji ixracatçısına çevirən əsas layihələrdən biri hesab olunur, xüsusən də təbii qazın Avropaya çatdırılması üçün istifadə edilən Cənub Qaz Dəhlizi vasitəsilə.
Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ildə Bakıda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə birlikdə Energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb.
Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb.
Forum