Azərbaycan Suriyada səfirliyinin fəaliyyətini bərpa edəcəyini bildirir

Yalçın Rəfiyev və Əssad Həsən Əş-Şibani (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Azərbaycan 12 ildən sonra Suriyada səfirliyinin yenidən fəaliyyətə başlamasını planlaşdırır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bu ölkənin nazir müavini Yalçın Rəfiyevin Suriyaya səfərinə dair məlumatında deyilir.

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 29-da Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb.

Məlumatda deyilir ki, nazir müavini görüş zamanı xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.

“Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu bildirilib. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub. Humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb”, Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.

Nazir Əş-Şibani yeni Suriya hakimiyyətinin əsas hədəfinin qonşu dövlətlərlə sülh içində yaşamaq və ölkə daxilində bütün tərəflərlə dialoq vasitəsilə milli birliyin əldə edilməsi olduğunu bildirib.

Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd edib.

“Bu baxımdan ən qısa zamanda Dəməşqdə Azərbaycan səfirliyinin 12 ildən sonra yenidən fəaliyyətə başlamasının planlaşdırıldığı qarşı tərəfin diqqətinə çatdırılıb”, məlumatda qeyd edilir.

Sonda Suriya xarici işlər naziri yeni qurulan münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycana səfərə dəvət olunub.