"Əsəd rejimi çökəndən sonra Azərbaycan tərəfi ümid edir ki, Suriyada sülh və əmin-amanlıq təmin olunacaq. Azərbaycan və Suriya arasında dostluq münasibətləri qurulacaq, ikitərəfli əlaqələr inkişaf edəcək”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev dekabrın 12-də jurnalistlərin sualının cavabında bildirib.
Onun sözlərinə görə, Suriyadakı keçmiş rejimin rəhbərliyi bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ciddi problemlər yaradıb.
“Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə qeyri-şərtlə çıxış edirdilər. Suriya nümayəndələrinin hətta İslam Əməkdaşlıq Təşkilatı çərcivəsində İslam Həmrəyliyi prinsipinə zidd xarakteri olan açıqlamaları olurdu", o qeyd edib.
Hacıyev bildirib ki, Azərbaycan və Türkiyə birlikdə məsləhətləşmələr apararaq Suriyada humanitar vəziyyətlə bağlı məsələləri həyata keçirir.
"Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da Suriyadakı vəziyyətlə bağlı humanitar məslələrin həllinə töhvə verməyə hazır olduğunu bildirib", o qeyd edib.
Hacıyev jurnalistlərin suallarının cavabında Azərbaycan-Ermənistan arasında sülh prosesinə də toxunub.
Hacıyev bildirib ki, iki ölkənin sərhədində üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatedici məsələdir.
“Azərbaycan Respublikası dəfələrlə bunu bildirib. Biz Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının yerləşdirilməsinə hər hansı lüzum görmürük”.
Onun firkincə, Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti başa çatmalıdır.
"Azərbaycan Prezidentinin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin (sabiq prezidenti – red.) və Ermənistanın baş nazirinin iştirakı ilə Praqada razılaşdırılmışdı ki, missiya qısamüddətli olacaq. Amma gördüyümüz kimi, missiya davamlı prosesə çevrilir və onun tərkibi genişləndirilir. Hətta coğrafi mandat ərazisi də genişləndirilməkdədir”.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya-demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması, onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsinə və genişləndirilməsinə ehtiyac görmür.
"Ona görə də sülhün gücləndirilməsi bilavasitə Azərbaycanla Ermənistan arasında olan prosesdir və ikitərəfli xarakter daşıyır. Əksinə, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətinin müəyyən dərəcədə gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik və hərbi amil kimi meydana çıxmasına xidmət edir,” Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
Bu günlərdə sosial mediada bəyanat verən Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə demilitasiya prosesinə və bu prosesdə sabiq Sovet xəritələrinin istifadəsinin vacibliyinə diqqət çəkib.
"Beynəlxalq miqyasda tanınmış ərazilərimizə sadiq qalmaq bizim üçün önəmli təıhlükəsizlik buferidir," deyə Paşinyan ölkədə sovet dönəminə məxsus xəritələrin qəbuledilməzliyi barədə səsləndirilən fikirlərə reaksiya verib.
Onun sözlərinə görə bu xəritələrin əsas kimi tanınmaması digər dövlətlərə də Ermənistanın sərhədlərini sual etməyə fürsət yarada bilər.
Forum