Accessibility links

Əsədi devirən Suriya üsyançıları müvəqqəti hökumət rəhbərini təyin ediblər


Arxiv fotosu - Məhəmməd Əl-Bəşir Suriyanın şimal-qərbində üsyançıların nəzarətində olan İdlib şəhərində mətbuat konfransı keçirir, 28 noyabr 2024-cü il .
Arxiv fotosu - Məhəmməd Əl-Bəşir Suriyanın şimal-qərbində üsyançıların nəzarətində olan İdlib şəhərində mətbuat konfransı keçirir, 28 noyabr 2024-cü il .

Suriyada uzun illər hakimiyyətdə olan Bəşar Əsədi devirən üsyançılar martın 1-dək ölkəni idarə etmək üçün müvəqqəti hökumət başçısı təyin ediblər.

Dəməşqdə üsyançı liderlərin və hakimiyyətdən devrilmiş Əsəd hökumətinin rəsmilərinin iştirak etdiyi kabinetin iclasından sonra Suriyanın böyük bir hissəsində az tanınan və əvvəllər ölkənin şimal-qərbində üsyançıların nəzarətində olan kiçik bir bölgədə administrasiyaya rəhbərlik etmiş Məhəmməd Əl-Bəşir müvəqqəti hökumət başçısı seçildiyini bildirib.

“Görüş işlərin və qurumların hökumətə təhvil verilməsi şüarı altında keçirilib”, Bəşir bildirib.

Küçələrdə silahlı insanların sayının nəzərəçarpacaq dərəcədə azalması ilə Suriya paytaxtında həyatın müəyyən qədər normal məcraya qayıtdığı hissi edilir. Üsyançılara yaxın mənbələr bildiriblər ki, komandirlər döyüşçülərə şəhərlərdən geri çəkilməyi və onların yerinə əsas üsyançı qrup olan Heyət Təhrir Əş-Şamla əlaqəli polis və daxili təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini əmr edib.

Suriya paytaxtında Əsədin bazar günü hakimiyyətdən devrilməsi və Rusiyaya qaçmasından sonra ilk dəfə olaraq banklar və mağazalar açılıb, nəqliyyatın hərəkəti bərpa edilib, tikinti işçiləri Dəməşqin mərkəzindəki yolun kəsişdiyi yeri təmir etməyə, təmizlik işçiləri isə yenidən küçələri süpürməyə başlayıb.

Vəziyyətin normallaşması istiqamətində bu addımlar İsrailin Suriya hərbi qüvvələrinin bazalarına intensiv zərbələr endirməsinə baxmayaraq atılıb.

İsrail hava zərbələrinin silahların düşmən əlinə keçməsinin qarşısını almaq məqsədi daşıdığını bildirərək, qüvvələrini sərhədi keçərək Suriya daxilindəki silahsızlaşdırılmış zonaya göndərib. İsrail qüvvələrinin Dəməşqin cənub-qərbində bufer zonasından kənarda kəndlərə doğru irəlilədiyi barədə xəbərləri təkzib edib.

Əsədin hakimiyyətdən devrildiyi hücuma rəhbərlik edən islamçı lider Əbu Məhəmməd Əl-Jolani işgəncə və müharibə cinayətlərinə görə məsuliyyət daşıyan keçmiş yüksək səviyyəli hökumət rəsmilərinin məsuliyyətə cəlb ediləcəyini bildirib.

Onun rəhbərlik etdiyi Heyət Təhrir Əş-Şam qruplaşması Əl-Qaidə təşkilatının Suriya qolu ilə bağlı olub və ritorikasını yumşaltmağa çalışsa da bir çox Qərb hökumətləri tərəfindən terror təşkilatı kimi tanınıb.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen Cenevrədə deyib ki, Əsədi qaçmağa məcbur edən qruplar “yaxşı mesajlarını” yerlərdə əməldə həyata keçirməlidirlər.

ABŞ Dövlət Katibi Antoni Blinken bəyanatında bildirib: “Birləşmiş Ştatlar suriyalıların başçılıq etdiyi və suriyalılara məxsus olan siyasi keçidə tam dəstəyini bir daha təsdiqləyir. Bu keçid beynəlxalq şəffaflıq və hesabatlılıq standartlarına cavab verən etibarlı, inklüziv və qeyri-məzhəb idarəçiliyinə gətirib çıxarmalıdır”.

“Suriyanın gələcəyinə Suriya xalqı qərar verəcək”, ABŞ-ın baş diplomatı bildirib. “Bütün ölkələr inklüziv və şəffaf prosesi dəstəkləməyə və kənar müdaxilələrdən qaçmağa söz verməlidir”, Blinken əlavə edib.

Forum

XS
SM
MD
LG