Suriyada prezident Bəşar Əsədin hakimiyyətdən devrilməsi nəticəsində üsyançıların paytaxta daxil olmasından bir həftə sonra ölkənin yeni hakimyyətinin məktəblərin açılması barədə göstəriş verməsinin ardınca şagirdlər bazar günü sinif otaqlarına qayıdıblar.
Ölkənin yeni de-fakto lideri Əhməd Əl-Şara yüz minlərlə insanın ölümünə səbəb olan 13 illik vətəndaş müharibəsindən sonra Suriyanı bərpa etmək kimi çətin vəzifə qarşısındadır.
Şəhərlər bombalanıb xarabalığa çevrilib, iqtisadiyyat beynəlxalq sanksiyalar nəticəsində dağılıb və milyonlarla qaçqın hələ də Suriyadan kənarda düşərgələrdə yaşayır.
Rəsmilər ərəb ölkələrinin çoxunda iş həftəsinin ilk günü olan bazar günü ölkədə məktəblərin əksəriyyətinin açıldığını bildirib. Lakin bəzi valideynlər vəziyyətlə bağlı qeyri-müəyyənlik səbəbindən övladlarını dərsə göndərməyiblər.
Suriyanın yenidən qurulması davam etdiyi zaman qonşu ölkələr və digər xarici güclər İran və Rusiya tərəfindən dəstəklənən Əsəd hökumətinin devrilməsindən bir həftə sonra ölkə ilə bağlı yeni mövqeyin hazırlanması üzərində işləyir.
Sanksiyalar aradan qaldırılacaqmı?
Daha çox üsyançı ləqəbi Əbu Məhəmməd əl-Qolani kimi tanınan Şaraa keçən həftə Əsədi hakimiyyətdən devirən İslamçı qrup Heyət Təhrir Əş-Şam (HTS ) qrupuna rəhbərlik edir.
HTS əvvəllər Əl-Qaidə ilə əlaqəsi olub bir çox hökumətlər tərəfindən terror təşkilatı kimi tanınan və Birləşmiş Millətlər tərəfindən sanksiyaya məruz qalan qrupdur.
BMT-nin Suriya üzrə nümayəndəsi Geir Pedersen iqtisadi dirçəlişi asanlaşdırmaq üçün sanksiyaların tez bir zamanda dayandırılacağına ümid etdiyini bildirib.
“Ümid edirəm ki, Suriyanın bərpası ilə bağlı real birliyi görə bilməyimiz üçün sanksiyaların tezliklə sona çatdığının şahidi olacağıq”, Suriyanın müvəqqəti hökuməti və digər rəsmilərlə görüşmək üçün Dəməşqə gəldiyi zaman danışan Pedersen deyib.
ABŞ dövlət katibi Antoni Blinken Birləşmiş Ştatlar, Türkiyə, Avropa İttifaqı və ərəb ölkələrinin yüksək səviyyəli diplomatlarının şənbə günü İordaniyada görüşərək, Suriyada yeni hökumətin azlıqların hüquqlarına hörmət etməli olduğu barədə razılığa gəldiyini bildirib.
Forum