Accessibility links

Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir


Suriyanın yeni hakimiyyət orqanları çərşənbə axşamı bildiriblər ki, ölkədəki silahlı qruplar ləğv edilərək Müdafiə Nazirliyinə inteqrasiya olunmağa razılaşıblar.

Açıqlamada deyilir ki, qərar silahlı qrupların liderləri ilə üsyançıların Bəşar Əsədin hakimiyyətdən devrilməsinə gətirib çıxaran irəliləyişinə rəhbərlik edən Əhməd əl-Şaraa arasında keçirilən görüşdən sonra verilib.

Üsyançılar dekabrın 8-də böyük sürətlə irəliləyərək, 13 il davam edən vətəndaş müharibəsi nəticəsində dalana dirənmiş vəziyyətin yaranmasından sonra bir neçə gün ərzində bir neçə əsas şəhəri ələ keçiriblər.

Əsədin devrilməsindən sonra regiondakı dövlətlər Suriyanın siyasi gələcəyi ilə bağlı suallar və bölgədə əlavə qeyri-sabitliklə bağlı narahatlıqlar fonunda Dəməşqə nümayəndələrini göndərib.

Narahatlıq doğuran məqamlardan biri 2014-cü ildə Suriyanın şərqində və İraqın qərbində əraziləri ələ keçirmiş, lakin sonranda onların böyük hissəsini itirmiş İslam Dövləti qrupunun potensial yenidən canlanmasıdır.

ABŞ hərbi qüvvələri bazar ertəsi Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində İslam Dövləti qrupunun iki militantının öldürüldüyü hava hücumu həyata keçirdiyini bildirib.

ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir ki, militantlar “zərbə zamanı məhv edilmiş bir yük maşınında silah daşıyıblar”.

Forum

XS
SM
MD
LG