Analitiklər bildirir ki, beynəlxalq ictimaiyyət Suriyadakı yeni hakimiyyətə şərtlər qoyarkən, əsas üsyançı qrup Talibanın Əfqanıstanda tətbiq etdiyi yanaşmaya bənzər bir yanaşma sərgiləyərək, beynəlxalq səviyyədə tanınmağa çalışır.
Həyat Təhrir al-Şam (HTS) qrupunun Əbu Məhəmməd əl-Culani olaraq tanınan lideri Əhməd əl-Şəraa bazar günü BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşərək, Suriyanın iqtisadiyyatının bərpası və ərazi bütövlüyünün qorunması üçün "tez və səmərəli əməkdaşlıq" üzərində dayandığını vurğulayıb.
Londonun The Times qəzetinə verdiyi müsahibədə əl-Culani bildirib ki, Suriyanın torpağından heç bir qonşu ölkəyə, o cümlədən İsrailə qarşı istifadə edilməyəcək.
Vaşinqtonda yerləşən Sülh İnstitutunun yüksək mütəxəssisi Asfəndiyar Mir Amerikanın Səsinə bildirib ki, HTS "sülhə meylli bir mesaj" təqdim edib, bu, 2021-ci ildə hakimiyyətə gələn Talibanın təqdim etdiyi mesajla oxşardır, çünki "özünü regional siyasətdə o cür mövqedə yerləşdirib ki, regional ölkələri və qlobal gücləri onlara qarşı qızışdırmasın."
2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirən Taliban qonşu ölkələrə və regional güclərə Əfqanıstanın heç bir ölkəyə qarşı istifadə edilməyəcəyini bildirərək onları əmin etməyə çalışmışdı.
Lakin BMT iyul ayında bildirib ki, Taliban Əfqanıstanda xarici terrorçu qrupların olmadığı iddia etsə də, üzv dövlətlər ölkə daxilində iyirmi iki terrorçu qrupun fəaliyyət göstərdiyini bildirib.
Mir əlavə edib ki, HTS həm öz təcrübəsindən, həm də Talibanı izləyərək, xaricdə düşmənlər yaratmamağa çalışır, "onlara bu mesajı verərək ki, baxın, biz sizinlə heç bir problem yaşamırıq".
Mir qeyd edib ki, qlobal və regional güclər Suriyadakı üsyançılara nisbətən mülayim mövqeyə sahibdir, "lakin onlar HTS-i izləmək üçün vaxt sərf edəcəklər".
HTS-nin rəhbərlik etdiyi suriyalı üsyançılar 27 noyabrda keçmiş Prezident Bəşar əl-Əsədin qüvvələrinə qarşı hücuma başlayıb və bir neçə strateji şəhərin nəzarətini ələ alaraq, 11 gün ərzində paytaxt Dəməşqi ələ keçirib.
ABŞ üsyançıların "ümidverici" bəyanatlarını alqışlasa da, "onların hərəkətlərinə görə mühakimə ediləcəyini" bildirib.
Aİ-nin yüksək səviyyəli diplomatı bazar günü bildirib ki, yeni hakimiyyət azlıqlar və qadınların hüquqlarını qorumaq və terrorizmi inkar etmək üçün zəmanət vermədən, Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları ləğv etməyəcək.
2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra beynəlxalq ictimaiyyət Talibandan analoji təminat tələb edib.
Beynəlxalq ictimaiyyət Talibanı Əfqanıstanın qanuni hökuməti kimi tanınmazdan əvvəl terrorizmlə mübarizə, inklüziv hökumət formalaşdırmaq və insan haqlarına, xüsusilə də qadınların hüquqlarına hörmət etmək üzrə öhdəliklərinə əməl etməyə çağırıb.
Forum