Məmməd Məmmədzadə: Azərbaycanda demokratik proseslərlə bağlı böhran yaşanır

Məmməd Məmmədzadə-Seçki Müşahidə Alyansının rəhbəri

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Amerikanın Səsinə müsahibəsində ölkədə keçirilən parlament seçkiləri, seçki şikayətləri və siyasi islahatlardan danışıb.

Amerikanın Səsi: ATƏT-in müşahidə missiyası bildirir ki, Azərbaycanda parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib. Siz necə hesab edirsiniz?

Məmməd Məmmədzadə: Bizim Seçki Müşahidə Alyansının da seçki prosesi, seçki dövründə seçki dairələrində müşahidə aparmaq imkanı oldu. Bizim gəldiyimiz qənaət ondan ibarət oldu ki, həqiqətən də 1 sentyabr növbədənkənar parlament seçkiləri əsl rəqabətin olmadığı, siyasi azadlıqların, birləşmək, toplaşma, ifadə azadlıqarı baxımından xeyli məhdudlaşdırıcı səviyyədə keçdi. Çox təəssüf ki, 2003-2005-ci il seçkilərindən bu yana demək olar ki, bütün seçkilər daha da pisləşib, siyasi azadlıqlar baxımından məhdudlaşdırıcı səviyyədə keçib. Təəssüflər olsun ki, daha pisə doğru bir seçki mühiti müşahidə etdik. Eyni zamanda rəqabətsiz bir şəraitdə keçdi.

Your browser doesn’t support HTML5

Məmməd Məmmədzadə: Azərbaycanda demokratik proseslərlə bağlı böhran yaşanır

Amerikanın Səsi: Müşahidə missiyasının ilkin rəyində seçicilərin sayının ölkədə 18 yaşı tamam olan vətəndaşların sayından təxminən 1,2 milyon nəfər az olduğu bildirilir. Sizcə bu realdır və seçici siyashılarına 1,2 milyon seçicinin adının salınmaması nə ilə bağlı ola bilər?

Məmməd Məmmədzadə: Bununla bağlı 10 ildən çoxdur problemlər qalır. Mərkəzi Seçki Komissiyasının verdiyhi məlumata görə, təqribən 6 milyon yarım seçici var. Bu da zaman-zaman dəyişir. Dövlət Statistikasının verdiyi məlumat isə tamam fərqlidir. Çox təəssüflər olsun ki, hər il seçici siyahılarının dəqiqləşdirilməsi yanvar ayından başlayır, may ayında bitir. Bunun üçün 6-7 milyon manat dövlət büdcəsindən pul ayrılır. Bu mənada seçki komissiyasının üzvləri seçici siyahılarının dəqiqləşdirilməsini həyata keçirdilməsində peşəkar deyillər. Eyni zamanda onlar yerli qurumlarla, bələdiyyələrlə, Daxili İşlər və Ədliyyə Nazirlikləri ilə paralel işləməlidir. Seçki siyahıları ilə bağlı dəqiq rəqəmlər ortaya qoymalıdırlar. Beynəlxalq və yerli təşkilatlar da bu məsələni dəfələrlə qaldırıb. Heç bir halda öz həllini tapmayıb. Seçki aktivliyini ola bilsin ki, hökümət hansısa formada daha artıq göstərmək üçün fərqli rəqəmlər ortaya qoya bilər. Amma, digər məsələlər daxili və xarfici miqrasiya ilə bağldır. Amma görünür ki, MSK daha ciddi şəkildə seçici siyahılarını araşdırmalıdır. Bir milyondan çox seçicinin siyahıda olmaması həqiqətən çox gülünc məsələdir.

Amerikanın Səsi: Müşahidə missiyası həmçinin qeyd edib ki, mediaya qarşı davam edən məhdudiyyətlər, qeyri-hökumət təşkilatlarına təzyiqlərin artması, əsassız həbslər siyasi diskursları qəti şəkildə boğub. Sizcə ölkədə siyasi hüquqlar sahəsində hansı islahatlara daha çox ehtiyac var?

Məmməd Məmmədzadə: Ölkədə fundamental insan haqları ilə bağlı ciddi böhran var. Hal-hazırda son seçkilər göstərir ki, hətta Azərbaycanda demokratik proseslərlə bağlı artıq böhran yaşanır. Hökümət fundamental insan haqları ilə bağlı ciddi islahatlar həyata keçirməlidir. Birinci, bu toplaşma azadlığından başlayır. Baxın ölkədə 2019-cu ildən bəri toplaşma azadlığı hüququ artıq vətəndaşların əlindən alınıb. Siyasi partiyaların hansısa bir yerdə kütləvi halda toplaşdığı müşahidəsi aparılmır. Konkret qadağalar var. İfadə azadlığı ilə bağlı ciddi mediyaya təzyiqlər müşahidə edirik. Birləşmə azadlığı ilə bağlı problemlər var, ümumiyyətlə 2013-cü ildən bəri QHT-lərin qeydiyyatı ilə bağlı ciddi problemlər yaşanır. Bu fundamental azadlıqlarla bağlı bir çox sahədə ciddi problemlər yaşanır. Hökümət əgər seçki institutunu inkişaf etdirmək istəyirsə, beynəlxalq standartlara uyğunlaşdırmaq istəyirsə mütləq fundamental insan haqlarına hörmət etməlidir.

Amerikanın Səsi: Çoxsaylı deputatlığa namizədlərin şikayətlərinə baxmayaraq, bu seçkilərdə əvvəlki seçkidən fərqli olaraq bir seçki dairəsində belə səsvermənin nəticələri ləğv edilmədi. Hətta deputalığa namzidələrin məlumatına görə, məhkəmələr onların şikayətlərini müraciət etdiklərindən bir neçə saat sonra təmin etməyib. Sizin baxışlarınız necədir?

Məmməd Məmmədzadə: Şikayətlərin araşdırılması ilə bağlı müstəqil ekspert qrupu olmalıdır. Amma çox təəssüflər olsun ki, bu ekspert qrupları da müstəqil deyil. 2003-cü ildən bu yana beynəlxalq təşkilatların tövsiyyələri ondan ibarət olub ki, ekspert qrupları müstəqil olamlıdır. Təəssüflər olsun ki, bu seçkilərdə heç bir seçki dairəsinin nəticələri ləğv olunmadı. Səsvermə prosesində xeyli sayda pozuntular aşkar olunmuşdu. Bu ilk növbədə Azərbaycan xalqının səsinə qarşı, seçicisinə qarşı hörmətsizlikdir. Burada bir məsələ var. Əgər seçki pozulursa, qutuya bir bülleten belə artıq atılırsa belə, bu seçkilərin nəticələrinə təsir edir. Bu seçkilərin nəticələri ləğv olunmalıdır. Təəssüflər olsun ki, MSK üzvləri bu məsələyə həmişəki kimi formal yanaşdılar. Seçkinin nəticələrinin ləğvi ilə bağli lazımı addım atmadılar. Bir hərəkətsizlik nümayiş etdirdilər. Ölkədə bir reallıq var, 2003-cü ildən bəri eyni seçki komissiyalarının üzvləri bu vəzifədədir. Dəfələrlə tövsiyələr olmasına baxmayaraq, yerli səviyədə belə seçki şikayətləri təmin edilmədi, seçki komissiyasının üzvləri dəyişməyib. Bu mənada siyasi iradə olmalıdır. İndiki seçki institutunun təkmilləşdirilməsi üçün ciddi islahatlar aparılmaldır.

Qeyd: Bu, Məmməd Məmmədzadənin fikirləridir. Azərbaycan rəsmiləri və Mərkəzi Seçki Komissiyası seçklilərin azad və demokratik mühitdə keçirildiyini bildirib.

MSK sədri Məzahir Pənahov yeni çağırış Milli Məclisin sentyabrın 30-da keçirlən iclasında deyib ki, namizədlərin qeydiyyatı, təşviqat kampaniyası ilə bağlı bütün addımlar atılıb, lazımi şərait yaradılıb.

"Səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb", o qeyd edib.

Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatında deyilir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.