Accessibility links

70 saylı Neftçala seçki dairəsində 6 məntəqənin nəticəsi ləğv olunub


Vəfa Nağıyeva, 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd
Vəfa Nağıyeva, 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd

Sentyabrın 13-də Mərkəzi Seçki Komissiyası (MSK) 70 saylı Neftçala seçki dairəsindən namizəd olmuş Vəfa Nağıyevanın seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı şikayətinin nəticəsini açıqlayıb.

MSK-nın ekspert qrupunun üzvü Ramiz İbrahimov məlumat verib ki, müraciətçi dairənin 23 seçki məntəqəsində qanun pozuntularının olmasını iddia edib və səsvermə nəticələrinin ləğvini tələb edib.

Ekspertin sözlərinə görə, Vəfa Nağıyeva təşviqat dövründə qayda pozuntularının olduğunu, bir seçicinin digər məntəqələrdə də səs verdiyini, səsvermə qutusuna birdən çox bülletenin atıldığını iddia edib.

1 sentyabr, 2024, parlament seçkiləri
1 sentyabr, 2024, parlament seçkiləri

"Araşdırma prosesində namizəd özü ilə gətirdiyi protokolları verməkdən imtina edib və bildirib ki, protokolları lazım olan yerlərə verəcək. Lakin ekspert qrupunun üzvləri qeyd edib ki, protokollar araşdırılması üçün məhz MSK-ya verilməlidir. O, şikayətinə 86 videogörüntünü və 49 protokolun şəklini əks etdirən elektron informasiya daşıyıcısı əlavə edib. Onlardan 2 videogörüntüdə pozuntu var. Videogörüntülərin hamısının pozuntunu əks etdirmədiyini deyəndə o, səs-küy salıb. Eyni zamanda sonradan 2 videogörüntü də göndərib ki, onlar da təkrar videolar olub", deyə İbrahimov qeyd edib.

İbrahimovun məlumatına görə, dairənin 6 məntəqəsində nəticələr ləğv olunub:

"Lakin təqdim olunan videogörüntülərə əsasən, 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində bu və ya digər şəkildə seçicilərin iradəsinə təsir edə biləcək qanun pozuntularının olduğu müəyyən edilib".

Ekspert qeyd edib ki, 70 saylı Neftçala seçki dairəsindən namizəd Vəfa Nağıyevanın müraciəti qismən təmin edilib və sözügedən məntəqələrdə səsvermə nəticələri etibarsız hesab olunub.

Vəfa Nağıyeva Amerikanın Səsinə açıqlamasında bildirib ki, qərar onu qane etmir və MSK onun bugünkü iclasda iştirakını təmin etməyib.

"Bugünkü iclasa qatılmaq istəyəndə məni MSK-nın binasında liftdə saxladılar, iclasa telefonsuz yola salmaq istəyirdilər. Əslində bütünlüklə dairənin nəticələri ləğv olunmalıdır. 6 məntəqə heç bir halda ümumi nəticəyə təsir etməyəcək. Mənim təqdim etdiyim 7 protokolda MSK-nın nəticələri ilə bizim protokollar arasında fərq var idi. Digər məntəqələrdə isə topa bülletenlər atılmışdı və o məntəqələri ləğv etsələr namizəd Tənzilə Rüstəmxanlının 3000 səsi avtomatik ləğv olunur. Bu zaman isə o, uduzmuş sayılır", deyə Nağıyeva qeyd edib.

Nağıyevanın sözlərinə görə, MSK-nın onun protokolları komissiyaya təqdim etməməsi ilə bağlı iddiası doğru deyil:

"Xeyr, protokolları təqdim etməyimlə bağlı mənə akt verilib, yazılı akt var. Mən MSK-ya 7 protokol vermişəm".

Sentyabrın 6-da Neftçala Dairə Seçki Komissiyası önündə etiraz aksiyası keçirən zaman deputatlığa namizəd Vəfa Nağıyevə polis əməkdaşları tərəfindən saxlanılıb. Nağıyeva ilə bərabər onun vəkili Seymur Abbas və jurnalist Şəhla Kərimli də saxlanılıb. Daha sonra Vəfa Nağıyeva bildirib ki, mülki geyimli polislər onları Bakının Əhmədli ərazisinə gətirərək sərbəst buraxıblar.

Deputatlığa namizəd Vəfa Nağıyeva Neftçala Dairə Seçki Komissiyası önündə etiraz aksiyası keçirərkən.
Deputatlığa namizəd Vəfa Nağıyeva Neftçala Dairə Seçki Komissiyası önündə etiraz aksiyası keçirərkən.

Həmin gün Nağıyevə Neftçala DSK-sı önündə çadır qurmağa cəhd edib. Deputatlığa namizəd 1 sentyabr parlament seçkilərində pozuntulara etiraz etdiyini, nəticələrin saxtalaşdırıldığını bildirib. O, DSK-dan onun suallarına cavab vermələrini tələb edib.

Sentyabrın 4-də isə Vəfa Nağıyeva növbədənkənar parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. Nağıyeva qeyd edib ki, seçki kütləvi qanun pozuntusu ilə müşayiət olunub.

Vəfa Nağıyeva seçki kampaniyası başlayandan problemlər və maneələrlə üzləşdiyini deyib:

"Tənzilə Rüstəmxanlının adamları təşviqat kampaniyası boyunca afişalarımızı cırırdılar. Dairə Seçki Komissiyasına və Mərkəzi Seçki Komissiyasına şikayətlərimizə baxılmadı. İnzibati resurslardan Rüstəmxanlının xeyrinə istifadə olunurdu, onun seçicilərlə görüşlərinə dövlət qurumlarının, büdcə sahəsinin əməkdaşları göndərildi. Yerli hakimiyyət mənimlə görüşməmək üçün əhaliyə təzyiq göstərdi", deyə o, qeyd edib.

Deputatlığa namizəd Vəfa Nağıyevanın mətbuat konfransı
Deputatlığa namizəd Vəfa Nağıyevanın mətbuat konfransı

Vəfa Nağıyevanın səlahiyyətli nümayəndəsi, hüquqşünas Xalid Bağırov seçkilərdə fəallığın süni şəkildə şişirdilməsinə diqqəti çəkib:

"Bir məntəqədə Tənzilə Rüstəmxanlıya 66, Nağıyeva 51 səs verilib, digər məntəqədə Nağıyeva 92, Rüstəmxanlı 40 səs toplayıb. Başqa bir məntəqədə isə Nağı 140, Rüstəmxanlı 112 səs toplayıb. Lakin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Rüstəmxanlı 5806, Nağı isə 3122 səs toplayıb".

Hüquqşünasın sözlərinə görə, demək olar ki, əhalinin olmadığı İkinci Mayak kəndində seçici iştirakı 72% səviyyəsində göstərilib, bu da Rüstəmxanlının lehinə səsləri artırmaq üçün edilib.

Vəfa Nağıyeva seçkinin nəticələrinə etiraz edəcəyini və hüquqları bərpa edilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bildirib.

Vəfa Nağıyevanın seçkidə əsas rəqibi Vətəndaş Həmrəyliyi Partiyasından Tənzilə Rüstəmxanlı idi. İlkin nəticələrə görə (46.2 faiz səs) MSK Rüstəmxanlını seçkinin qalib elan etsə də, Nağıyeva rəqibinin seçkiləri saxtakarlıq yoluyla udduğunu iddia edir.

Tənzilə Rüstəmxanlı deyilənlərlə bağlı hələlik açıqlama verməyib.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü də müşahidə edib.

Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.

Lakin Azərbaycan hakimiyyəti bir qayda olaraq bu iddialarla razılaşmır, ölkədə keçirilən seçkiləri şəffaf adlandırır.

Forum

XS
SM
MD
LG