Accessibility links

MSK bəzi məntəqələrin nəticələrini ləğv edib, bəzilərində isə pozuntu olmadığını açıqlayıb


Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir (1 sentyabr, 2024-cü il)
Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir (1 sentyabr, 2024-cü il)

Sentyabrın 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 1 sentyabr parlament seçkiləri zamanı 33 saylı Xətai I seçki dairəsinin 7 seçki məntəqəsində pozuntu aşkar edilməyib.

Məntəqələrdəki pozuntularla bağlı Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü, deputatlığa namizəd Natiq Cəfərli şikayət verib. Mərkəzi Seçki Komissiyası 33 saylı Xətai I seçki dairəsində Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, son çağırış deputatı olan Zahid Orucu lider hesab edir.

Natiq Cəfərli -İqtisadçı
Natiq Cəfərli -İqtisadçı

31 saylı Suraxanı II seçki dairəsində Müsavat Partiyasından qeydə alınmış namizəd Ərzulla Buludun Dairə Seçki Komissiyasının qərarından şikayətinə baxılıb. O, dairənin 8 seçki məntəqəsində pozuntularla bağlı şikayət verib. Mərkəzi Seçki Komissiyası isə namizədin şikayətini əsassız sayaraq Dairə Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu dairədə Azərbaycanın NATO-dakı missiyasının keçmiş rəhbəri Qaya Məmmədov qalib gəlib.

Həmçinin, MSK-da 42 saylı Sumqayıt I seçki dairəsindən namizədlər Şəfəq Mayılova və Ulduz Quliyevanın da müraciətlərinə baxılıb. Mərkəzi Seçki Komissiyası müraciətin qanunvericiliklə müəyyən edilmiş vaxtı keçdiyini əsas gətirərək geri qaytarılması ilə bağlı qərar qəbul edib.

Şəfəq Mayılova və Ulduz Quliyeva
Şəfəq Mayılova və Ulduz Quliyeva

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyasının icraatında səsvermə zamanı saxtakarlıqla bağlı daha 20 şikayət var.

Sentyabrın 11-də isə Mərkəzi Seçki Komissiyası 22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 3 seçki məntəqəsində aşkar edilmiş pozuntularla əlaqədar olaraq nəticələri ləğv edib. Lakin bu qərar ümumilikdə 36 seçki məntəqəsi olan dairə üzrə seçkilərin ümumi nəticəsinə təsir etməyib.

Üç məntəqə üzrə nəticələr ləğv edildikdən sonra Demokratik İslahatlar Partiyasının rəhbəri, sonuncu çağırış deputatı Asim Mollazadə MSK-nın nəticələrinə görə liderdir. Pozuntularla bağlı şikayətləri isə ReAl partiyasının sədri İlqar Məmmədov verib.

İlqar Məmmədov- REAL partiyasının sədri
İlqar Məmmədov- REAL partiyasının sədri

Həmçinin, Lənkəran kənd seçki dairəsinin iki məntəqəsində seçkilərin nəticələri etibarsız hesab olunub. Şikayət deputatlığa namizəd Əzizxan Əzizov tərəfindən verilib. Lakin bu halda da nəticələrin ləğvi dairə üzrə seçkilərin ümumi nəticələrinə təsir etməyib. MSK-nın göstəricilərinə görə, burada Yeni Azərbaycan Partiyasının nümayəndəsi, tarixçi Anar İsgəndərov liderlik edir.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü də müşahidə edib.

Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.

Lakin Azərbaycan hakimiyyəti bir qayda olaraq bu iddialarla razılaşmır, ölkədə keçirilən seçkiləri şəffaf adlandırır.

Forum

XS
SM
MD
LG