Mərkəzi Seçki Komissiyası parlament seçkilərinə yekun vurub

Mərkəzi Seçki Komissiyasının iclası (Mənbə: MSK)

Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) VII çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolların təsdiqi və Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan iclasda bildirilib ki, Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

MSK sədri qeyd edib ki, parlament seçkilərində ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb, 17 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb.

Parlament seçkilərində seçici fəallığı 37,24% olub.

MSK sədri Məzahir Pənahov deyib ki, parlamentdə 11 siyasi partiya təmsil olunacaq. MSK-nin qalib elan etdiyi siyahıya əsasən iqtidarda olan Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputatla təmsil olunacaq. Digər siyasi partiyalar - Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq, Demokratiya Partiyası 2, 8 siyasi partiyanın hər biri isə 1 deputatla təmsil olunacaq.

Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində Milli Məclisə seçkilərin yekunları və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.

Vəfa Nağıyeva (Mənbə: Sosial şəbəkə)

70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Vəfa Nağıyeva Amerikanın Səsinə bildirib ki, növbədənkənar parlament seçkilərinin nəticələrini “saxtakarlıq” kimi qiymətləndirir.

O deyib ki, bütün yerli məhkəmə instansiyalarına müraciət edəcək.

“Yerli məhkəmələrdə ədalət bərpa olunmasa, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəm. Bu gün Şirvan Şəhər Məhkəməsinə müraciət edəcəm”, seçkilərin nəticələri ilə razılaşmayan deputatlığa namizəd qeyd edib.

Məmməd Məmmədzadə

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Amerikanın Səsinə bildirib ki, MSK-nın parlement seçkilərində seçki dairələrinin əksəriyyətini ləğv etməməsi təəssüfedici haldır.

Onun sözlərinə görə, əgər seçki dariələrində müəyyən pozuntular müəyyən olunursa, bu, hər bir halda seçkinin nəticəsinə təsir göstərir və seçkinin nəticələri ləğv olunmalıdır.

“Nəticələr ədalətli deyil. Bu, təkcə Azərbaycanın seçki sistemini deyil, həm də ölkənin demokratik proseslərinin tamamilə böhran halına gəldiyini, iflas etdiyini göstərir. Bu, xalqın səsinə qarşı hörmətsizlik, ədalətli seçki hüququnun tapdalanmasıdır”, o belə hesab edir.

Onun sözlərinə görə, seçki sisteminin təkmilləşdiriməsi və seçki standartlarına uyğunlaşdırılması ilə əlaqədar seçkiləri müşahidə edən ATƏT-in tövsiyələrinin icra olunması ilə bağlı hələ də bir niyyət yoxdur .

"Azərbaycan hökümətinin ATƏT qarşısında öhdəliyi var. Beynəlxalq təşkilatı dəvət edir ölkəyə və onun rəyini alır. ATƏT-in rəyində ciddi narahatlıqlar, qanun pozuntuları göstərildi. Hökümət bu məsələ ilə bağlı müəyyən addımlar atmalı idi. Təəssüf ki, heç bir addım atılmadı. Açığı məndə seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı inam yoxdur. MSK tərəfindən seçkinin nəticələrinin ləğv olunmaması xalqın səsinə hörmətsizlikdir və ədalətli seçki hüququnun tapdalanmasıdır”, o qeyd edib.

Bununla yanaşı, Azərbaycan rəsmiləri və MSK rəhbərliyi seçkilərin demokratik, ədalətli və rəqabətli mühitdə keçirildiyini bildirir. MSK sədri Məzahir Pənahov bütün şikayətlərin araşdırılaraq müvafiq qərarlar qəbul edildiyini bəyan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatında deyilir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.

“Birgə müşahidə missiyası müəyyən edib ki, seçki qanunvericiliyi son parlament seçkilərindən bəri əsaslı şəkildə dəyişməyib və uzunmüddətli tövsiyələr diqqətdən kənarda qalıb. Namizədlərin qeydiyyatı prosesi həddən artıq ağır tələblər, qeyri-ardıcıl tətbiq olunan prosedurlar və namizədlərin hədə-qorxu ilə geri çəkilmə halları ilə müşayiət olunub, siyasi partiyalar üçün yeni tələblər isə onların qeydiyyatına əlavə məhdudiyyətlər tətbiq edib. Bu seçkilər məhdudlaşdırıcı siyasi və hüquqi mühitdə baş tutub, bunun nəticəsi olaraq siyasi plüralizmin olmaması zəif və aşağı əsaslı kampaniya ilə birləşib və bütün bunlar seçki prosesini sarsıdıb", sənəddə qeyd edilir.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.