Vitse-prezident Kamala Harris və sabiq Prezident Donald Tramp çərşənbə axşamı ilk və bəlkə də yeganə debatlarında bir araya gəldi. İlkin göstəricilərə görə, debatı 60 milyondan çox insanın izlədiyi təxmin edilir. İki namizədə dəstək hələ də bir-birinə çox yaxındır.
Çərşənbə axşamı debatdan dərhal sonra keçirilən rəy sorğularının nəticələri vitse-prezident Kamala Harrisin debatda sabiq Prezidnet Donald Trampdan daha yaxşı performans sərgilədiyinə işarə edir. Amma bu, namizədlərin ən böyük tərəfdarlarının fikrində hər hansı dəyişikliyə səbəb olmayıb.
"Mən bilirəm ki, Trampın dövründə iqtisadiyyat Baydenin dövründə olduğundan daha yaxşı idi. Düşünürəm ki, onun abort məsələsi ilə bağlı şərhləri də çox güclü idi," Kaliforniyadan Tramp tərəfdarı Bob Cons deyir.
"Tramp əslində sərhədi gücləndirdi. Niyə bu cinayətkarlar bizim ölkəmizdə olmalıdır? Gəlirlər, sonra da icmalarımızı çirkləndirirb, qısnayıb, məhv edirlər," Virciniyadan Tramp tərəfdarı Daniel Erbe deyir.
"Məncə o çox yaxşı idi. O qısa və konkret danışırdı. O özündən əmin idi. O siyasətdən danışırdı. Tramp neqativ olanda, o pozitiv idi," Kaliforniyadan Harris tərəfdarı Lisa Kassandra deyir.
"Mən çox şadam ki, o qəliz məsələrlə, iqtisadiyyat, abort və miqrasiyanı müzakirə etdi. Biz bu məsələlərdə irəliləyiş görməliyik," Vaşinqtondan Harris tərəfdarı Maksin Deyvis deyir.
Trampın bəzi tərəfdarları düşünür ki, moderatorlar, yəni ABC News kanalının jurnalistləri onların namizədinə haqsızlıq etdilər.
"Bələ görünür ki, onlar Trampın dediklərinin doğruluğunu yoxlayırdı, amma Harrisinkini yox. O (Harris) çox yalan danışırdı. Bu məni çox məyus etdi," Kaliforniyadan Tramp tərəfdarı Cerri Piani deyir.
"Biz artıq bu debatın necə keçəcəyini bilirdik. Yəni orda bir namizəd digərindən üstün tutuldu," Kaliforniyadan Tramp tərəfdarı Tayler Fam deyir.
"Mən bir az məyusam, çünki düşünürəm ki, ona Demokratların çox həyəcanlanacağı mövzularda danışması üçün vaxt verildi," Kaliforniyadan Tramp tərəfdarı Şerri Bastian deyir.
Bu arada isə hər iki namizədin tərəfdarları vitse-prezidentin sabiq prezidenti uğurlu bir şəkildə təhrik etdiyini düşünür.
"Məncə Tramp bir neçə dəfə Harrisin onun seçki görüşlərindəki insanların sayı, insanların həmin görüşləri tez tərk etməsi kimi şəxsi hücumları ilə təhrik edildi. Harris bunları çox strateji şəkildə dilə gətirdi," Şimali Karolinadan Tramp tərəfdarı Rayan Hyus deyir.
"Aydındır ki, o işini çox yüksək səviyyədə edir və Trampa qarşı çox təmiz bir şəkildə rəqabət aparmaq istəyir," Kaliforniyadan Harris tərəfdarı Adabri Seo deyir.
Bəzi ilkin göstəricilər həmçinin heç bir namizədin seçkinin nəticələrni müəyyən edə biləcək qərarsız seçicilərin dəstəyini qazanacaq qədər güclu performas sərgiləmədiyinə işarə edir.
"Mən bunun hələ də qərarsız olan insanların fikrini nə dərəcədə dəyişəcəyini bilmirəm. Məncə hər ikisi üçün həm yaxşı, həm pis məqamlar oldu," Şimali Karolinadan Tramp tərəfdarı Rayan Hyus deyir.
"Mən bu və əvvəlki debatlara əsaslanaraq, düşünürəm ki, onların ikisi də mənim üçün doğru namizəd deyil. Ona görə də hələ də qərarsızam," Şimali Karolinadan qərarsız seçici Aleks Peselc deyir.
Onun qərar verməsinə kömək edəcək başqa bir debat olmaya bilər. Harrisin komandası yeni bir qarşılaşmanın keçirilməsinə çağırsa da, Tramp Harrislə ikinci dəfə debat keçirməyə daha az meylli olduğunu deyir.
Forum