Xalid Ağaliyev: Azərbaycanda azad media üçün əlverişli mühit mövcud deyil

Xalid Ağaliyev

İyulun 22-si Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür.

149 il öncə -1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının nümayəndələrindən olan Həsən bəy Zərdabi tərəfindən yaradılan “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

Media məsələləri üzrə təhlilçi Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində ölkədə media azadlığının hazırlı durumundan danışıb.

Amerikanın Səsi: Azərbaycan 2023-cü ildə beynəlxalq media azadlığı indeksində 13 pillə geriləyərək 180 ölkə arasında 164-cü yerdə qərarlaşıb. Sizcə ölkədə media azadlığının məhdudlaşmasına təsir edən amillər nədir?

Xalid Ağaliyev: Azərbaycanda media azadlığının durumunu şərtləndirən müxtəlif amillərdən danışmaq olar. Burada ilk növbədə, məsələn, qanunvericiliyin mürtəceləşdirilməsi tendensiyasını qeyd edə bilərik. Bundan başqa, jurnalistlərin informasıyalara çıxışla bağlı problemləri qeyd edə bilərik. Jurnalistlərin müxtəlif ittihamlarla cəzalandırılması və bu yolla başqalarının gözünün qorxudulması tendensiyasını da qeyd edə bilərik. Yəni, çoxlu şərtlər var. Bunlardan bəhs edə bilərik. Amma ümumi əsas amil Azərbaycanda uzun müddətdir ki, azad media üçün əlverişli mühitin mövcud olmamasıdır. Əlverişli mühitin yaradılması üçün lazım olan addımların atılmamasıdır.

Your browser doesn’t support HTML5

Xalid Ağaliyev: Azərbaycanda azad media üçün əlverişli mühit mövcud deyil

Amerikanın Səsi: 2024-cü ildə Azərbaycanda media azadlığı sahəsində durumu necə qiymətləndirirsiniz? Bu il media azadlığı sahəsində yadda qalan hansı amilləri göstərə bilərsiniz?

Xalid Ağaliyev: Təəssüflər olsun ki, əvvəlki illərdə olduğu kimi biz yenə də media azadlığı sahəsində hər hansı müsbət tendensiyalardan bəhs etməkdə çətinlik çəkirik. Xüsusilə 2024-cü ildə Azərbaycanda hazıda həbsdə olan jurnalistlərin və mediada çalışanların sayı 20-dən artıqdır. Jurnalistlərin həbsinin sayı baxımından, hücumlar baxımından belə bir durum Azərbaycanın müstəqilliyi dövürndə rast gəlinməyib. Azərbaycanda az saylı müstəqil medialardan ikisi fəaliyyətini dayandrımaq zorunda qalıb. Yəni, 2024-cü ildə baş verən hadisələrdən danışırıqsa məncə daha çox həbsləri və iki müstəqil medianın fəaliyyətini dayandırmasını, bütün bu basqıların nəticəsi olaraq başqalarının media fəaliyyəti ilə məşğul olmaqdan çəkindirilməsini qeyd edə bilərəm.

Amerikanın Səsi: Dövlət rəhbərləri son jurnalist həbslərini hüquqi araşdrıma ilə əlaqələndirir. Jurnalistlər isə həbslərini tənqidi fəaliyyətlərinin məhdudlaşdırılması kimi xarakterizə edir. Siz necə düşünürsünüz?

Jurnalistlərin həbsinin sayı baxımından, hücumlar baxımından belə bir durum Azərbaycanın müstəqilliyi dövürndə rast gəlinməyib.

Xalid Ağaliyev: Mənim fikrimcə son həbslər, bir neçə medianın fəaliyyətini dayandırmaq məcburiyyətində qalmasının başlıca səbəbi media azadlığına, azad mediaya olan münasibətin göstəricisidir. Çünki bu hadisələrin hamısı gözümüzün önündə olub. Baş verən hadisələrə baxanda görürük ki, tutalım, bir jurnalist həbs olunduqdan sonra onun çalışdığı medianın bütün intenet bazası yoxa çıxır. Əgər, doğrudan da jurnalist hər hansı bir cinayət əməlinə görə istintaqa cəlb olunursa, onun mediasının bazası niyə dağıdılır? Yaxud həmin medianın fəaliyyətinə niyə son qoyulur? Bu baxımdan baş verənlər və əvvəlki illərin təcrübəsi göstərir ki, jurnalistlərə qarşı baş verənlərin arxasında media azadlığına xoşagəlməz münasibət dayanır.

Amerikanın Səsi: Azərbaycanda media azadlığının geriləməsinə qanunvericilik normalarının məhdudlaşdırılması və ya rəsmi qurumların müstəqil medaya münasibəti səbəb olub? Sizcə media azadlığının genişləndirilməsi üçün hansı islahatlara ehtiyac var?

Xalid Ağaliyev: Məncə dedyiniz səbəblərin hamsıs mövcuddur. Həm rəsmi qurumların yanaşması problemi var, qanunvericiliyin mürtəceləşdirilməsi, pisləşdirilməsi tendensiyası da var. Amma, burada əsas məsələ yalnız onlar deyil. Mənim fikrimcə, onlar köməkçi faktorlardır. Ümumilikdə medianın azad fəaliyyət göstərə bilməsi üçün, öz azadlığını qoruya bilməsi üçün bir neçə əsas faktorların mövcud olması lazımdır. Ölkədə bütün siyasi institutlar fəal şəkildə fəaliyyət göstərə bilməlidirlər, ədalətli məhkəmə sistemi, azad biznes mövcud olmalıdır. Bütün bunlar mövcud olmadığı halda qanunvericiliyin yaxşı və ya pis olması, rəsmi şəxslərin mediaya yanaşmasının pozitiv, yaxud neqativ olması əhəmiyyətli rol oynamayacaq. Mütləq dediyim şərtlər olmalıdır ki, azad biznes, azad siyasi institutlar medianımn azadlığını təminat altına ala bilsinlər.

Qeyd: Bu Xalid Ağaliyevin fikirləridir. Azərbaycan iqtidarı ölkədə media azadlığının tam təmin edildiyini bildirir, media orqanlarına və jurnalistlərə təzyiqlərin olması, onların qanunsuz həbsləri ilə bağlı deyilənləri qəbul etmir. Ölkə rəhbərləri azad medianın fəaliyyəti üçün hər cür şəraitin olduğunu, dövlətin media orqanlarına daimi yardımlar etdiyini, hətta çoxsaylı jurnalistlərə mənzillər bağılaadığını bildirir.