Accessibility links

Azərbaycanda İnsan Hüquqları Günündə fundamental azadlıqların durumu sual altına alınır


İnsan Hüquqları Günü
İnsan Hüquqları Günü

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür.

Dövlət rəhbərləri Azərbaycanda insan hüquq və azadlıqlarının tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirsə də, hüquq müdafiə təşkilatları ölkədə konstitusiyada hüquq və azadlıqlarla bağlı təminatların iqtidar tərəfindən yerinə yetirilmədiyini bəyan edir.

Eyni zamanda, Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayraq azad olmayan ölkələr sırasında yer alıb. Azərbaycan bu il qlobal mətbuat azadlığı indeksində isə 13 pillə geriləyərək, 180 ölkə sırasında 164-cü yerdə qərarlaşıb.

Yerli hüquq müdafiə təşkilatları üç yüzdən çox insanın iradəsinə görə həbsdə olduğunu bildirir.

Rüfət Səfərov
Rüfət Səfərov

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direltoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, hakim dairələrin təbliğatından, rəsmi hüquq siyasətindən tam fərqli düşünür.

“Belə ki, Azərbaycanda hüquq xeyli dəyərsizləşib. Təməl hüquq və azadlıqlar hakimiyyət tərəfindən iqnor edilir. Söz və fikir, mətbuat və məlumat, vicdan azadlıqları sahəsində həllini gözləyən ciddi problemlər var. Vətəndaşlar cəmiyyətin və dövlətin siyasi həyatında iştirak edə bilmirlər. Siyasət və media işi icazəli hala gəlib. Ölkədə siyasi məhbusların sayı 300-ü keçib. Jurnalist toka verilir. İctimai fəal oğurlanır, lüt soyundurulur, başına sidik ifraz edilir. Alimi tuturlar, iradəsini sındırırlar, başqa alimin əleyhinə saxta ifadələr almaq istəyirlər, tələbin yerinə yetirilməsi gecikəndə başını unitazın içinə soxurlar. Bunlar ictimailəşmiş faktlardır”, o qeyd edib.

Hüquq müdafiəçisinin fikrincə, 31 illik avtoritar idarəetmə öz yerini sürətlə daha sərt sistemə -diktaturaya ötürür.

“İşin daha pis tərəfi budur ki, hazırkı hökumət yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının çağırışlarını tamamilə qulaq ardına vurur, hesabatsız və məsuliyyətsiz davranır. Deyə bilərəm ki, hazırkı Bakı 80-ci illərin ortalarının Buxarestini xatırladır, çox təəssüf”, o qeyd edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva AZƏRTAC dövlət agentliyinə bildirib ki, 2024-cü ilin iyun ayınadək Ombudsmanın Çağrı Mərkəzinə 4 min 477 zəng daxil olub.

Səbinə Əliyeva
Səbinə Əliyeva

“Bu müraciətlərin statistikasına nəzər yetirdikdə görürük ki, kommunal problemlər, ünvanlı dövlət sosial yardımı, müayinə-müalicə, qeyri-obyektiv təhqiqat/istintaq, əlilliyin müəyyən edilməsi, müraciətin qeydə alınmaması, məşğulluq, məhkəmə qərarının icra olunmaması, aliment və digər məsələləri əhatə edib”, o qeyd edib.

Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyasında insan hüquqlarının və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi ön plana çıxarılıb. Azərbaycanda 1998-ci ildə ölüm cəzası ləğv edilib. 2001-ci il dekabrın 28-də Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. 2002-ci il martın 5-də Ombudsman instutu təşkil edilib.

Azərbaycan insan hüquq və azadlıqları ilə bağlı BMT-nin, Avropa Şurasının sənədlərinə qoşulub. Ölkə Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına daxilidr.

Forum

XS
SM
MD
LG