Accessibility links

Bonn İqlim Konfransında Qubad İbadoğlunun işi ilə bağlı çağırış edilib


Bonn şəhərində Qubad İbadoğluna dəstək aksiyası keçirilib
Bonn şəhərində Qubad İbadoğluna dəstək aksiyası keçirilib

Almaniyanın Bonn şəhərində keçirilən İqlim konfransı çərçivəsində iqtisadçı professor Qubad İbadoğluna qarşı cinayət işinə və səyahət qadağasına xitam verilməsi ilə bağlı çağırış edilib.

3-13 iyun tarixlərində keçirilən Bonn İqlim Konfransı noyabr ayında Azərbaycanda keçiriləcək BMT İqlim Dəyişikliyi Konfransına (COP29) hazırlıq məqsədi daşıyır və İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan ölkələrdən 6 mindən çox nümayəndəni bir araya gətirir.

Bazar ertəsi konfrans çərviçəsində təşkil edilən tədbirdə İbadoğlunun qızı Jalə Bayramova atasının və digər siyasi məhbusların işinə diqqət çəkərək Azərbaycanın “iqlim liderləri” kimi təqdim edilməsinin qəbuledilməz olduğunu qeyd edib və BMT-ni bu məsələ ilə bağlı hərəkətə keçməyə çağırıb.

“Atam fəaliyyətinə, neft və qaz gəlirləri, ətraf mühitə təsirlər və korrupsiya ilə bağlı araşdırmalarına görə cəzalandırılır. Ona ürəyindən təcili əməliyyat lazımdır və hətta ev dustaqlığında da tibbi yardımdan məhrumdur. BMT atamın azad edilməsi və beynəlxalq iqlim prosesinin legitimliyinin qorunması üçün Azərbaycan rejiminə təzyiq göstərməli və hərəkətə keçməlidir”, Bayramova vurğulayıb.

Konfrans zamanı “Global Witness” insan hüquqları təşkilatının təşəbbüsü ilə Bonn şəhərində bir sıra binaların, o cümlədən konfrans iştirakçılarının yerləşdiyi otelin üzərində Qubad İbadoğlunun şəkli işıqlandırılıb.

“Global Witness” təşkilatı həmçinin COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə qarşı rəsmi şikayət təqdim etdiyini bildirib.

“Şikayətdə doktor İbadoğlunu həbsdə saxlamaqda davam edən rejimin rəsmisi kimi cənab Babayevin BMT-nin iqlim müqaviləsini pozduğu irəli sürülür”, təşkilat deyib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Forum

XS
SM
MD
LG