Ermənistan işçi kanallar vasitəsilə yaxın günlərdə mina sahələrinin yeni xəritələrini Azərbaycan tərəfinə verəcək. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, Ermənistan artıq bir neçə dəfə Azərbaycan ərazisindəki minalanmış sahələrə dair 972 xəritəni Azərbaycana təhvil verib.
Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, onun sərəncamında daha keyfiyyətli xəritələr yoxdur və ötürülən xəritələr Qarabağ hərbçilərindən alınıb.
“2023-cü il dekabrın 7-də Ermənistanın baş nazirinin ofisi ilə Azərbaycan prezidentinin administrasiyası arasında aparılan danışıqlar nəticəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti Dağlıq Qarabağın keçmiş hərbi qulluqçuları arasında sorğunu bərpa edib. Bunun nəticəsində 8 yeni xəritə müəyyən edilib və onlar yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə ötürüləcək. Bu sənədlərin surətləri beynəlxalq tərəfdaşlara veriləcək”, bəyanatda qeyd edilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Azərbaycana mina xəritələrinin təqdim olunması niyyəti barədə bəyanatında deyilir ki, Ermənistanın təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığı yalnız 25 faiz təşkil edir.
“Bu xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur. Eyni zamanda qeyd edək ki, son illərdə mina partlayışlarının 55 faizdən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib”, Xarici İşlər Nazirliynin şərhində deyilir.
Nazirlik bildirir ki, 2020-ci ildə ikinci Qarabağ müharibəsinin başa çatmasından etibarən bu günədək 342 nəfər vətəndaş mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir.
“2020-ci ildən sonra da, Ermənistan tərəfindən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan yeni minaların yerləşdirildiyi faktı da mövcuddur ki, burada da 500 mindən artıq mina basdırıldığı məlumdur”, nazirlik qeyd edir.
Xarici İşlər Nazirliyi həmçinin bildirir ki, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.
Cümə günü Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib ki, 2023-cü ildə 58 nəfər mina və hərbi sursat partlayışının qurbanı olub.
“İl ərzində 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, Kamran Əliyev qeyd edib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ötən il dekabrın 14-də bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 90 min hektara yaxın ərazi minalardan təmizlənib.
"Ümumilikdə 88 260 mina və partlama təhlükəsi olan digər qalıqlar, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ də qalır", o qeyd edib.
Ekspertlərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.
ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.