Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanılması ilə bağlı bəyanatını qəbul etmir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin "Avropa İttifaqının Azərbaycan əleyhinə iddiaları ilə bağlı bəyanatı"na dair şərhində deyilir ki, Avropa İttifaqının (Aİ) Azərbaycanda jurnalistlərin və siyasi fəalların saxlanması ilə bağlı “əsassız ittihamlarını qətiyyətlə rədd edir”.
“Bu cür əsassız və qərəzli bəyanatları, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk. İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyi prinsipinə ziddir”, o qeyd edib.
Xarici İşlər Nazirliyi həmçinin Avropa İttifaqının başqa ölkələr və üzv dövlətlərdə insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edir.
“Qeyd edilənlər fonunda, Aİ-nin bu cür qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur”, Hacızadə qeyd edib.
Aİ-nin xarici işlər üzrə baş sözçüsü Peter Stano dekabrın 21-də yaydığı bəyanatda Azərbaycanda jurnalistlərin və fəalların həbslərinin ciddi narahatlıq doğurduğunu qeyd edib, fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilənlərin azad edilməsinə, ifadə azadlığı və müstəqil jurnalistika üçün azad və sərbəst məkanın təmin edilməsinə çağırıb. Sözçü həmçinin insan hüquqlarının, o cümlədən fundamental azadlıqlar və qanunun aliliyinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin mühüm elementləri olduğunu vurğulayıb.
“Bu kontekstdə son vaxtlar jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Əziz Orucov, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov, İbrahim Hümbətov, eləcə də Hafiz Babalının əsassız həbsi müstəqil jurnalistika üçün məkanın daralması və Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olaraq ifadə azadlığını məhdudlaşdırması ilə bağlı ciddi narahatlıq doğurur”, bəyanatda qeyd edilir.
Aİ eyni zamanda insan hüquqları fəalı İlhamiz Quliyev və müxalifət lideri Tofiq Yaqublunun həbsindən, Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin məhkəməyəqədər həbs müddətinin uzadılmasından təəssüfünü ifadə edib.
Azərbaycanda ötən ayın sonlarından etibarən korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Dekabrın 13-də “Abzas Media” ilə əməkdaşlıq edən “Turan” agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı həbs edilib.
“Abzas Media” jurnalistləri “qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə” ittiham edilsə də, onlar peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər.
Bundan əlavə, noyabrın 27-də “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov mülkiyyət hüququnu pozmaqda ittiham edilərək həbs edilib. Orucova qarşı daha sonra “qaçaqmalçılıq” ittihamı da irəli sürülüb. “Kanal 13”-ün əməkdaşı Rüfət Muradlı isə dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib. Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13”-ə giriş məhdudlaşdırılıb.
Dekabr ayında həmçinin “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və “azerinfo.az”xəbər saytının rəhbəri İbrahim Hümbətov hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq həbs ediliblər.
Jurnalistlərlə yanaşı dekabrın 4-də siyasi fəal İlhamiz Quliyev də saxlanılıb. Dekabrın 6-da onun barəsində narkotik ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dekabrın 13-də isə Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb. Yaqublu barəsində dekabrın 15-də “dələduzluq” və “saxta sənəd hazırlama” ittihamları ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbslərindən narahatlıq ifadə edib, bunun müstəqil mediaya və tənqidi səslərə qarşı olduğunu qeyd ediblər.