Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılıb.
Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli məlumat verib.
Vəkilin sözlərinə görə, dekabrın 19-da Bakının Yasamal rayon Məhkəməsində Orxan Hacılının ev dustaqlığına buraxılması üçün vəsatətə baxılıb və məhkəmə vəsatəti təmin edib.
"Ev dustaqlığına buraxılmasının səbəbi odur ki, Orxan Hacılının barəsində həbs seçilməsi üçün əsaslar aradan qalxıb. Ona görə də biz ev dustaqlığı ilə bağlı vəsatətlə məhkəməyə müraciət etdik. Məhkəmə vəsatəti haqlı hesab etdi", Nemət Kərimli bildirib.
O, həmçinin əlavə edib ki, Hacılı özünü təqsirli bilmir.
Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb. Noyabrın 2-də Orxan Hacılı barədə iki aylıq həbs qətimkan tədbiri seçilib.
Kərimli deyib ki, həbsdən öncə hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb.
"Orxan avtomobillə hərəkət edərkən qarşısına çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozub. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kimsə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, Kərimli qeyd edib.
Forum