ABŞ Azərbaycan və Ermənistan arasında sülh üçün səylərini davam etdirəcəyini bildirib

Metyu Miller

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti oktyabrın 26-da bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında son görüşün ləğv edilməsinə baxmayaraq, iki ölkə arasında sülh sazişi əldə etmək üçün “səylərini davam etdirəcək”.

“Biz inanmaqda davam edirik ki, bu iki ölkənin sülh razılaşması əldə etməsi hər iki tərəfin, regionun və dünyanın maraqlarına uyğundur”, Dövlət Departamentinin sözçüsü Metyu Miller ənənəvi brifinqdə Turan agentliyinin sualının cavabında deyib.

"Biz bu səyləri davam etdirəcəyik", o əlavə edib.

Oktyabrın sonunda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşü nəzərdə tutulsa da, görüş son bir ay ərzində ikinci dəfə təxirə salınıb.