Qubad İbadoğlunun həbsdən azad edilməsi üçün bəyanat və müraciət yayılıb

Qubad İbadoğlu (Gubad Ibadoghlu)

Avqustun 5 də həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun azadlığa buraxılması məqsədi ilə İbadoğlunun hüquqlarını Müdafiə Komitəsi bəynatla çıxış edib, ölkənin çoxsaylı tanınmış ziyalıları isə Prezident İlham Əliyevə müraciət edib.

“Müdafiə Komitəsi professor Qubad İbadoğlunun şərlənərək sifarişli məhkəmə qərarları və saxta ittihamla Kürdəxanı təcridxanasında (1 saylı Bakı İstintaq Təcridxanası-red) ölümə məhkum edildiyini bəyan edir, beynəlxalq və yerli insan haqqları təşkilatlarını, ölkəmizdəki diplomatik korpusları Qubad İbadoğlunun həyatının xilas olunmasına təcili dəstək olmağa çağırır, səhhətində yaranmış problemlərin həyati risk daşıdığını nəzərə alaraq onun həbsdən dərhal azad olunmasını tələb edir”.

Bu barədə Qubad İbadoğlunun hüquqlarını Müdafiə Komitəsinin yaydığı bəyanatda deyilir.

Sənəddə bildirilir ki, 14 gündür şəkəri və qan təzyiqi normadan xeyli yüksək olan Qubad İbadoğlu sürətlə çəki itirir.

“Hazırkı saxlanma şəraitinin, hətta dərmanları vaxtında və normasında qəbul etsə belə, onun sağlamlığına heç bir faydasının olmayacağı şübhəsizdir. Havasızlıq, hərəkətsizlik, antisanitariya, digər yollarla formalaşdırılan davamlı psixoloji təzyiq səbəblərindən onun səhhətindəki yaxşılaşmadan danışmaq mümkün deyildir. Son günlər səhhətində yaranmış problemlərin ciddiliyindən qorxuya düşən təcridxana rəhbərliyi 13 gündən sonra Qubad İbadoğlunun ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib və məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 millimetrdən 41 millimetrədk yüksəlib. Bu vəziyyət isə həyati təhlükənin mövcudluğunun ciddiliyindən xəbər verir. Tibb elmi təsdiq edir ki, aortanın anevrizması xəstəliyində reqres və damardakı təhlükəli genişlənmənin geri dönüşü mümkün deyildir. Bu xəstəliyin müalicəsində əsas məqsəd genişlənmənin qarşısını almaqdır. Qubad İbadoğlunun arterial təzyiqinin hər gün 150-100, şəkərinin normadan 2-3 qat artıq olduğu müəyyən edilib. Bu vəziyyətdə aortanın genişlənən hissəsinin partlaması və həyati təhlükənin yaranması riski qaçılmazdır”, Müdafiə Komitəsi qeyd edir.

Bununla yanaşı, ölkənin 75 tanınmış ziyalısı Qubad İbadoğlunun həbsdən azad edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

“Bir qrup ölkə ziyalısı olaraq, tanınmış Azərbaycan aliminin azadlığa buraxılması üçün məhz Sizə müraciət etmək qərarına gəldik. Sizdən xahiş edirik ki, ölkəmizin adına, nüfuzuna kölgə salan bu məsələni öz çəxsi nəzarətinizə götürəsiniz. İnanırıq ki, Qubad İbadoğlunun sağlamlıq durumunda yaranmış çox ciddi problemləri nəzərə alaraq, zərrə qədər də günahı olmayan bir elm xadiminin azadlığa qovuşmasına şərait yaradacaqsınız”, sənəddə qeyd edilir.

Öz növbəsində, Penitensiar Xidmət Müdafiə Komitəsinin bəyanatı ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Avqustun 4-də Qubad İbadoğlunun qardaşı Qalib Toğrul ictimaiyyətə çağırış edərək bildirib ki, Qubad İbadoğlunun həyatına yaranmış təhdid təhlükəli həddə çatıb.

Qalib Toğrul bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi avqustun 4-də qardaşının ürəyinin exokardioloji müayinəsinin aparılmasını təşkil edib.

"Məlum olub ki, aortanın kökündəki genişlənmə son 2 həftədə 37 mm-dən 41 mm-ə yüksəlib. Bu, artıq sonuncu həyəcan siqnalıdır. Aortanın anevrizması xəstəliyində reqres mümkün deyil, yəni böyümənin geri dönüşü yoxdur, bu xəstəliyin müalicəsində məqsəd proqresin qarşısını almaqdır. Qubad İbadoğlunun arterial təzyiqi hər gün 150-100, şəkəri normadan 2-3 qat artıq olur. Bu gedişlə aortanın genişlənən hissəsinin partlaması, yəni ölüm riski qaçılmazdır", deyə çağırışda deyilir.

Qalib Toğrul Qubad İbadoğlunun həyatından narahat olduğunu qeyd edib və beynəlxalq, həmçinin yerli təşkilatları biganə yanaşmamağa çağırıb.

"Qardaşım məhkəməsiz-filansız, qurama ittihamlarla Kürdəxanı təcridxanasında ölümə məhkum edilib. Beynəlxalq və yerli insan hüquqları təşkilatlarını, ölkəmizdəki diplomatik korpusları, hamını, hər kəsi - bütün gücü və iradəsi çatanları Qubad İbadoğlunun ölüm hökmünün icrasının dayandırılmasına dəstək olmağa çağırıram", o qeyd edib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.

İyulun 28-də Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilmıəsini tələb edib.

"İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik," Dövlət Departamentinin sözçüsü Metyu Miller ibadoğlunun həbsinə münasibət bildirərkən deyib.