Ecofront təşkilatı Söyüdlü kəndi üzrə hökumət komissiyasının rəyinin açıqlanmasını tələb edir

Gədəbəyin Söyüdlü kənidndə etiraza səbəb olan göl

Ecofront ictimai təşkilatı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəyin Söyüdlü kəndi üzrə hökumət komissiyasının işinin yekunlarını açıqlamaq istəməməsini bildirib. Bu təşkilat reallığın dünya istimaiyyətinin diqqətinə çatdırılması üüçün müxtəlif istiqamətli tədbirlərə başlandığını elan edib.

“Onlar Söyüdlüdə qızıl mədəni müəssisəsinin işi nəticəsində zərərin olmadığını bəyan edə bilməzlər, çünki bilirlər ki, belə bir şey bəyan edərlərsə rüsvay olacaqlar”, Ecofront təşklilatı bildirir.

İctimai təşkilatın aksiyalarından biri komissiyanın fəaliyyətinin nəticələrinin açıqlanması tələbilə imza toplamaqdır.

İki həftə keçməsinə baxmayaraq, komissiyanın işinin nəticələri hələ açıqlanmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, hökumət komissiyası bayram günləri də daxil olmaqa Söyüdlü kəndində işlərini davam etdirib.

“Mütəxəssislər hazırda da kənd ərazisində monitorinqləri davam etdirir. Torpaqdan, sudan, havadan analizlər aparılması üçün nümunələr götürülür”, Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Amerikanın Səsinə deyib.

Azerbaijan International Mining Company qızıl hasilatı şirkətinin nümayəndəsi Elşad Məmmədov jurnalistlərə müsahibəsində müəssisədəki tullantıların əhalinin sağlamlığına və ətraf mühitə zərərli təsirinin olmadığını bildirib.

Hasilat Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri-Hökumət Təşkilatları Koalisiyasının üzvü Fuad Həsənov isə bu rəyə inamsızlığını bildirib.

Adının açıqlanmasını istəməyən kənd sakini Amerikanın Səsinə komissiyanın işindən razı olmadıqlarını deyib.

“Komissiya üzvləri bizim etirazımızı dərindən araşdırmaq üçün gölün sahilində çadır qurub bir neçə həftə orada qalmalıdır. Bunu isə etmirlər. Onlar hər gün kəndə gəlirlər və axşamlar gedirlər”, sakin qeyd edib.

İyunun 20-də və 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb. 5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib, 1 etirazçı isə 1500 manat cərimə olunub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə indiyədək inzibati həbsə məhkum edilmiş 5 nəfər kənd sakinindən başqa bir neçə il əvvəl sakinlərin vatsap şəbəkəsində qrupunu yaradan Rusiya vətəndaşı olan Etibar Cabbarov, aksiya iştirakçısı Şöhrət Əsgərov və Söyüdlü kəndində aksiyada qaldırılan plakatları çap edən məkanın sahibi Habil İsmayılov saxlanılıb. Rəsmi mənbələr hələ təsdiq etməsə də sosial şəbəkələrdə Habil İsmayılovun narkotik itttihamı ilə həbs edildiyi bildirilir.

İyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Baş naziri Əli Əsədovun Sərəncamı ilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sədrlik edir.

Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbədə yerləşir. Əhalisinin sayı təqribən 4 min nəfərdir.

Anglo Asian Mining” şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

Anglo Asian Mining”​ şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.