Orta Dəhliz vasitəsi ilə daşımalara əlavə yüklərin cəlb ediləcəyi bildirilir

Şərq-Qərb dəhlizi (Mənbə: Azərbaycan Dəmir Yolları QSC)

TRACECA və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) Assosiasiyası Orta Dəhlizə əlavə yüklərin cəlb olunması üzərində işləyirlər.

Bu barədə TBNM Assosiasiyasının baş direktoru Haydar Abdikerimov deyib.

Onun sözlərinə görə, TBNM və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi arasında aydın razılaşma var.

"Bu ilin fevral ayında nəqliyyat marşrutlarının inkişafı, yeni mal və yüklərin cəlb olunması məqsədilə əməkdaşlığa dair memorandum imzaladıq. Həmçinin imzalanmış sənəd çərçivəsində Avropa, Qafqaz və Asiya regionlarında nəqliyyat və sosial-iqtisadi şəraitin möhkəmlənməsinə dair məlumat mübadiləsi aparacağıq ki, bu da öz növbəsində əlverişli investisiya mühiti yaradacaq", o qeyd edib.

Abdikerimov Şərq-Qərb və Qərb-Şərq vektorunda TRACECA və TBNM-in eyni məqsədləri izlədiyini vurğulayıb.

Qeyd edək ki, sənəd TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev və TBNM-in baş direktoru Haydar Abdikerimov tərəfindən imzalanıb.

İmzalanma mərasimi TRACECA Hökumətlərarası Komissiyasının Tbilisidə keçirilən 16-cı illik toplantısında baş tutub.

Bununla yanaşı, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev ilk dəfə olaraq bu il iyunun 15-16-da Litvada keçirilən biznes missiyası zamanı Orta Dəhlizlə TİR-lər Beynəlxalq Avtomobil Nəqliyyatı) vasitəsi yüklərin pilot daşınmasının ilkin nəticələrini bölüşüb.

Onun sözlərinə görə Litva - Polşa - Slovakiya - Macarıstan - Rumıniya - Bolqarıstan - Qara dəniz - Gürcüstan - Azərbaycan - Xəzər dənizi - Qazaxıstan multimodal marşrutu üzrə TİR-lər vasitəsi ilə yüklərin pilot daşınması 16 gün ərzində həyata keçirilib.

“Bu daşımalar Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan və Litvanın nəqliyyat sahəsində səlahiyyətli nazirliklərinin dəstəyi, habelə gömrük orqanlarının və Varna, Batumi, Bakı və Kurık dəniz limanlarının fəal iştirakı ilə mümkün olub. İlk pilot daşımanın həyata keçirilməsi ideyası yaxın vaxtlarda bütün TRACECA ölkələrinə göndəriləcək. TİR-lərlə daşımaların inkişafı ilə bağlı sorğunun hazırlanması yekun mərhələdədir”.

Baş katibin sözlərinə görə TİR-lərlə daşıma bu il mayın 23-də Vilnüsdən Litvada qeydiyyatdan keçmiş yük avtomobili ilə başlayıb və Polşa, Slovakiya, Macarıstan, Rumıniya ərazilərindən keçərək Bolqarıstanın Varna limanına qədər davam edib.

“Avropa İttifaqı ölkələrinin əraziləri üzrə səyahət müddəti dayanacaqlar istisna olmaqla 37 saat (25-28 may) təşkil edib. Bu il mayın 30-da TİR-lər Navigation Maritime Bulgare gəmiçilik şirkəti vasitəsilə Batumi limanına göndərilib. Bundan sonra TİR-lər Qırmızı Körpü keçid məntəqəsi ilə Bakı limanı istiqamətində hərkət edib. Belə ki, bu il iyunun 8-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Azərbaycan” gəmisi ilə TİR-lər Qazaxıstanın Kurık limanına yola salınıb”, o qeyd edib.

Baş katib hesab edir ki, TİR-lərlə yüklərin daşınması malların daha ucuz daşınma növünü təmin etmək üçün böyük potensiala malikdir.

“Bu gün nəqliyyat növünün inkişafında iki əsas maneə TIR Konvensiyasının subpodratçı daşımalarla bağlı müddəalarının məhdud tətbiqi və icazələrin alınması zərurətidir. Marşrut üzərində olan bütün ölkələrdən, - 14 ölkədən yalnız 5-i subpodrat müqaviləsi əsasında, yəni daşıyıcını təyinat yerinə dəyişdirərkən TİR-dan istifadə etmək imkanına malikdir. Eyni zamanda, Daimi Katiblik bu daşımaların inkişafı, o cümlədən dəmir yolu ilə yarımqoşquların sonrakı daşınması üçün addımlar işləyib hazırlayıb”, o qeyd edib.

Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Azərbaycandan keçən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə maraq artıb. Bu dəhliz vasitəsi yükdaşımaların həcmi sürətlə artmaqdadır.

Orta dəhliz - Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.