“Bizim fikrimiz budur ki, iki ölkə arasında sülh mümkündür və ABŞ bu halda davamlı və ləyaqətli sülhü alqışlayır və tərəflərlə işləməkdə davam edir”.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mayın 18-də ənənəvi brifinqdə Turan agentliyinin Moskvada aparılan danışılqların Ermənistanla Azərbaycan arasında sülh prosesinin arzu olunan nəticəyə nail olunmasına səbəb olub-olmaması ilə bağlı sualının cavabında bildirib.
O ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Moskva danışıqları ilə məşğul olub-olmaması barədə sualın cavabında deyib ki, baş müşavir Lui Bono bu məsələ ilə dərindən məşğul olmaqdadır.
“Demək üçün hazırda konkret diplomatik çağırışlarım yoxdur, amma bir daha təkrar edirəm ki, mayın əvvəlində keçirdiyimiz danışıqları konstruktiv hesab etdik. Tərəflər özləri müəyyən şərtlərlə razılaşıb və bir-birlərinin nöqteyi-nəzərini daha yaxşı başa düşdüklərinə inanırlar və biz bununla bağlı davamlı dialoqu alqışlayırıq”, o qeyd edib.
Mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada sülh müqaviləsi üzrə ikitərəfli danışıqlar aparacaq, onlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşəcək. Artıq hər iki ölkənin xarici işlər nazirləri Moskvada səfərdədir.
Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatla çıxışında bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.
Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.
ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.
"Biz yekun razılığa çox yaxınıq", Blinken qeyd edib.
Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.
Vaşinqton görüşündən sonra Brüssel görüşü ərəfəsində mayın 10-dqan 13-dək Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar olub. Hər iki tərəfdən ölən və yaralananlar olub.