İran Xarici İşlər Nazirliyi: Azərbaycanla münasibətlərin düşmənləri var

Naser Kənani (Rəsmi foto)

“İran ilə Azərbaycan arasında münasibətlərin düşmənləri var. Buna heç bir şübhə yoxdur. Əsasən sionist rejimi özünün milli təhlükəsizlik strategiyasını və sağ qalma strategiyasını regionda və xüsusən də islami regionda qeyri-sabitlik və etibarsızlığı artırmaq üçün istifadə edir”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani aprelin 17-də Tehranda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, İran diplomatik prosesdə bəzi insanların İranla Azərbaycan arasında münasibətlərdə ixtilaf yaratmaqdan faydalandığına dair narahatlıqları dərk edərək, diplomatik təşəbbüslərlə gərginliyi aradan qaldırmağa çalışıb.

“Xoşbəxtlikdən xarici işlər nazirlərinin 3 raund danışıqları müsbət hal oldu və biz mövcud vəziyyətdən çıxmaq və iki ölkə arasında gərginliyi azaltmaq üçün ümumi yanaşmaya nail olduq. Bunun əsasında fəaliyyət və addımlar müəyyən olundu ki, biz bu istiqamətdə hərəkət edirik. Biz iki ölkə arasında mehriban qonşuluq siyasətinə, ümumi maraqlara söykənən münasibətlərə əsaslanmalı olan münasibətləri öz təbii, münasib və faydalı kursuna yönəltməyə ümid edirik və bu istiqamətdə səylərimizi davam etdirməyə çalışmışıq, bundan sonra da çalışacağıq”, o teleqram kanalında qeyd edib.

Xatırladaq ki, aprelin 14-də Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramovla Hüseyin Əmir Abdullahian arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, söhbət zamanı nazirlər Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə ediblər.

“Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər. Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib.

İran Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, aprelin 14-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onun Azərbaycandan olan həmkarı Ceyhun Bayramov ikitərəfli əlaqələrdəki son duruma dair telefon danışığının üçüncü raundunu keçiriblər.

“Danışıqlar zamanı tərəflər iki ölkə arasında əldə olunmuş razılaşmaların davam etdirildiyini vurğulayıblar. İran və Azərbaycanın yüksək səviyyəli diplomatlarının iki ölkənin paytaxtlarında daimi görüşləri gündəmdədir. Konstruktiv danışıqlar zamanı nazirlər iki ölkənin rəsmiləri arasında məsləhətləşmələrin davam etdirildiyini vurğulayıblar”, məlumatda qeyd edilir.

Bundan öncə aprelin 7 və 8-də Azərbaycan və İran xarici işlər naziri arasında telefon danışığı baş tutub.

Aprelin 12-də isə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə iki ölkə arasındakı münasibətlərdəki durumu müzakirə edib.

Daha öncə aprelin 6-da rəsmi Bakı İran siyasətçilərinin Azərbaycan dövlətinə qarşı ittihamedici bəyanatları ilə əlaqədar bu ölkə səfirliyinin 4 əməkdaşını persona non-qrata elan edib.

Son bir ildə İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. 2022-ci ildə hər iki ölkə sərhədləri boyunca qarşılıqlı hərbi təlimlər keçirib. Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb, daha iki əməkdaşı yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tam dayandırıb.

Martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlar verib. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.

İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəfərlərlə çağırılaraq notalar təqdim edilib.