Accessibility links

İranın sonuncu şahının oğlu Rza Pəhləvi İsrailə səfər edir


Rza Pəhləvi
Rza Pəhləvi

İranın sürgündəki vəliəhd şahzadəsinin İsrailə bu həftəlik səfəri planlaşdırılıb. Bu səfər atasının bir vaxtlar İsraillə olan isti əlaqələri və İsraillə İslam Respublikası arasında mövcud düşmənçilik vəziyyətini əks etdirir.

1979-cu il İslam İnqilabından əvvəl İranı idarə edən sonuncu şahın oğlu Rza Pəhləvi bazar günü deyib ki, o, "İran xalqı adından dostluq mesajı" verəcək.

Onu qəbul edəcək İsrailin kəşfiyyat naziri Gila Qamliel bildirib ki, şahzadə bazar ertəsi axşam İsrailin illik Holokost anma mərasimində iştirak etməyə hazırlaşır. Onun sözlərinə görə, şahzadə həmçinin suyun duzsuzlaşdırılması zavoduna və Qərb Divarına baş çəkəcək, yerli bəhayi icmasının nümayəndələri və İran əsilli İsrail yəhudiləri ilə görüşəcək.

Qamliel Pəhləvinin İsrailə ilk səfərinin olacağını deyib və onun bu "cəsur qərarını" yüksək qiymətləndirib. "Vəliəhd ayətulla rejimindən fərqli bir rəhbərliyi simvolizə edir və İranı idarə edən ekstremistlərdən fərqli olaraq sülh və tolerantlığı dəyərləndirir" - deyə, Qamliel bildirib.

Pəhləvi İranı xərçəng xəstəliyinə tutulmuş atası Məhəmməd Rza Pəhləvi taxtdan imtina edib sürgünə getməzdən əvvəl, 17 yaşında ABŞ-da hərbi uçuş məktəbində oxumaq üçün tərk edib. İnqilab İslam Respublikasının yaradılması, ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsi və Amerikanın dəstəklədiyi monarxiyanın son qalıqlarının silinməsi ilə nəticələnib.

Hələ də ABŞ-da yaşayan Pəhləvi ruhani idarəçiliyi parlament monarxiyası ilə əvəz edəcək, insan haqlarını təsbit edəcək və dövlətin idarə etdiyi iqtisadiyyatı modernləşdirəcək dinc bir inqilaba çağırıb.

Onun hakimiyyətə qayıtması üçün dəstəyi gücləndirə bilib-bilməyəcəyi məlum deyil. Onun hakimiyyəti dəbdəbəli və repressiv şəkildə idarə edən atası 1953-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəklədiyi çevrilişdən bəhrələnib. Mərhum şahın İsraillə də sıx diplomatik və hərbi əlaqələri olub.

Bu, 1979-cu ildə İran inqilabının lideri Ayətulla Xomeyninin İsraili "İslamın düşməni" elan etməsi və bütün əlaqələri kəsməsi ilə sona çatıb. Bu gün ölkələr düşməndir. İsrail onun İsraili məhv etmək çağırışlarını, İsrail sərhədlərində ölkəyə düşmən olan silahlı qruplaşmaları dəstəklədiyini və nüvə proqramını əsas gətirərək, İranı özünə ən böyük təhlükəsi hesab edir.

XS
SM
MD
LG