Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Azərbaycan və İran arasındakı son gərginliklərin yaranma səbəblərindən, o cümlədən İranda gedən proseslərin regiona təsirlərinədn danışıb.
Amerikanın Səsi: Azərbaycan və İran arasındakı son gərginliklərin əsas mənbəyi nədir?
Cəmil Həsənli: Bu hazırkı dövrdə çox ciddi problemlərdən biridir. Əlbəttə arzu olunmazdır ki, iki qonşu ölkə arasında münasibətlər gərginlik mərhələsinə daxil olub. Xüsusilə biz Azərbaycanın sərhədyanı ölkələrinə diqqət yetirsək faktiki olaraq Azərbaycan dörd qonşusundan üçü ilə münaqişə vəziyyətindədir. Əlbəttə İran ilə münasibətlərin gərginləşməsinin obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər ondan ibarətdir ki, bölgədə gedən xüsusilə Azərbaycan-Ermənistan münasibətləri fonunda regiondakı geosiyasi proseslərdə İran öz yerini tutmaq istəyir. Aydın məsələdir ki, İran Qərbin regiona daxil olmasının qəti şəkildə əleyhinədir. Hansısa formada deyək ki, Zəngəzur dəhlizi olsun, istər Azərbaycan-Ermənistan münasibətləri olsun tarixən İran özünü bölgənin söz sahibi kimi hiss edib. İndi görür ki, o prosesdən kənarlaşdırılır. İranın hesab edirəm ki, ciddi şəkildə narazılıq etməsinin bir tərəfi bununla bağlı idi. İsraildə səfirlik açılması məsələsi var. Bilrisiniz ki, bu səfirlik uzun müddət İrana görə açılmırdı. Faktiki olaraq Azərbaycan İranı narazı salmamaqdan ötrü səfirlik açmadı. Azərbaycanın ictimai-siyasi, vətəndaş cəmiyyəti tərəfindən təkliflər çoxdan verilib. Amma görürsünüz ki, Azərbaycan müstəqilliyinin 30 illiyi tamam oldu. Bu səfirliyin açılması məsələsi gerçəkləşdi. Bir də burada Qərbin Azərbaycana təzyiqlərinin artması məsələsi var. Bu təzyiqlər artdıqca, Azərbaycan maraqlıdır ki, İran gərginliyi məsələsini, İran tərəfindən təzyiqə məruz qalması məsələsini gündəliyə gətirsin. Bir növ Azərbaycan hakimiyyəti bu gərginliyi daha qabarıq şəkildə göstərməklə Qərbin demkratya tələblərindən yayınmaq istəyir.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Gələcəkdə gərginliklər daha da artsa, İran və Azərbaycan arasında qarşıdurma olma ehtimalı ola bilərmi?
Cəmil Həsənli: Əlbəttə, mən fikirləşmirəm ki, bu son nəticə etibarı ilə müharibəyə gətirib çıxarda bilər. Çünki İran məsələsi, Azərbaycan-İran müharibəsindən asılı deyil. İran məsələsi beynəlxalq güclərin necə hərəkət etməsindən aslıdır. Bilirsiniz ki, İranın vurulması ilə bağlı müxtəlif proyektlər var. Şübhəsiz ki, İran ilə qonşuyuq. İstənilən formada İranın vurulması öz təsirini Azərbaycana da göstərəcək. İndi bu təsir nə formada olacaq, hansı formada cərəyan edəcək bu ayrı söhbətin mövzusudur. Biz yaşadığımız regionda sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında maraqlı olmalıyıq. Mən düşünmürəm ki, bu proseslər İran ilə Azərbaycan arasında bir müharibəyə gətirib çıxartsın.
Amerikanın Səsi: İranda baş verən son etirazlar ölkənin xarici siyasətinə necə təsir edəcək?
Cəmil Həsənli: İranda son bir ildə cərəyan edən hadisələr öz məzmunu və mənası etibarı ilə əvvəlkilərdən bir az fərqlidir. Bəlkə də ilk dəfə idi ki, İran xalqları demokratiya uğrunda birgə mövqe sərgilədi. Bu qadınlara qarşı olan münasibətlərdə bunlar birgə mövqe nümayiş etdirdilər. Demokratiya tələbləri milli-etnik tələblərin önünə keçdi. Bizim üçün bilirsiniz ki, İran Azərbaycanı problemi var. Həmişə İranı narahat edən məsələlərdən biri İran Azərbaycanı məsələsidir. Ancaq bununla bərabər son hadisələr azadlıqların, demokratiyanın təmin edilməsidir. Birgə mövqe sərgiləmək, qadınlara qarşı tətbiq edilən sərt siyasət fonunda bunun farsı da, türkü də, bəlucu da, kürdü də, ərəbi də demək olar ki, hamısı faktiki olaraq eyni mövqedən çıxış etdi. Bunun İranın xarici siyasətinə təsiri dedikdə, bütövlükdə İslam rejiminin nüfuzunun və yaxud dayaqlarının sarsıdılması baxımından bir təkan oldu. Yəni ki, İrana münasibətdə beynəlxalq təcridçilik daha da gücləndi. Xarici siyasət nə ilə bağlıdır? Xarici siyasət əlaqələrin geniş imkanı ilə, ticarət əlaqələri ilə, siyasi diplomatik münasibətlərlə bağlıdır. Amma biz görürük ki, bu məsələdə faktiki olaraq İran beynəlxalq aləm tərəfindən təcrid olunmuş vəziyyətə düşdü. Hal-hazırda İran ilə bağlı ən ciddi məsələ nüvə tədqiqatları ilə bağlıdır. Dünyanı narahat edən bu məsələ ətrafında hələ ki gərginlik davam edir. Yeri gəlmişkən deyim ki, bu bütün hallarda baş verən gərginlik fonunda Azərbaycan üçün də təhlükədir. Bu elə məsələdir ki, yeni yaranan İranın nüvə silahı Amerika və Avropanı vurmaq üçün yetərli deyil. Heç İsraili də vurmaq üçün yetərli deyil. Bu qonşular üçün ciddi təhlükə mənbəyinə çevirə bilər. Biz yaşadığımız regionun nüvəsiz bir coğrafiya olmasında maraqlı olmalıyıq.