Accessibility links

İran başı açıq qadınları müəyyən edib, cəzalandırmaq üçün ictimai yerlərdə kameralar quraşdırır


Tehran, İran. 16 mart, 2023.
Tehran, İran. 16 mart, 2023.

İran polisi şənbə günü bildirib ki, İran hakimiyyəti məcburi geyim qaydalarına əməl etməyən qadınların sayının artmasının qarşısını almaq məqsədilə ictimai yerlərdə və küçələrdə kameralar quraşdırır.

Polis bəyanatında deyilir ki, qaydanı pozanların şəxsiyyəti müəyyən edildikdən sonra onlara “bunun nəticələri ilə bağlı xəbərdarlıq mesajları” göndəriləcək.

Ədliyyə nazirliyinin Mizan xəbər agentliyi və digər dövlət KİV-lərinin paylaşdığı bəyanata əsasən, bu addımın məqsədi “hican qanununa müqavimətin qarşısını almaqdır.” Həmçinin əlavə olunur ki, bu cur müqavimət ölkənin dini imicini korlayır və etibarsızlıq yayır.

İranda ötən sentyabr ayında 22 yaşlı kürd qadının əxlaq polisinin nəzarətində ikən ölümündən sonra getdikcə çox sayda qadın hicablarını çıxarır. Məhsa Əmini, iddia edildiyinə görə, hicab qaydasını pozduğuna görə saxlanılmışdı. Təhlükəsizlik qüvvələri etirazları zorakılıqla yatırmışdı.

Ancaq qadınlar məcburi geyim qaydasını pozduqlarına görə həbs riski ilə üzləşmələrinə rəğmən hələ də ölkə boyu alış-veriş mərkəzləri, restoranlar, mağazalar və küçələrdə hicabsız gəzirlər. Sosial mediada əxlaq polisinə müqavimət göstərən hicabsız qadınların videoları geniş yayılıb.

Şənbə günü polisin bəyanatında müəssisə sahibləri “ictimai normalara riayət olunmasına ciddi nəzarət etməyə” çağırılır.

İranın 1979-cu il inqilabından sonra tətbiq olunan İslam şəriə qanununa əsasən,qadınlar saçlarını örtməli və bədənlərini gizlətmək üçün uzun, bol paltarlar geyinməlidirlər. Qanunu pozanlar, ictimai qınaq, cərimə və ya həbslə üzləşirlər.

30 martda Daxili işlər nazirliyinin hicabı “İran xalqının sivilizasiya əsaslarından biri” və “İslam Respublikasının əməli prinsiplərindən biri” kimi təsvir edən bəyanatında deyilir ki, bu məsələdə geri çəkilmə olmayacaq.

Bəyanatda vətəndaşlar qadınlara müqavimət göstərməyə çağırılır. Keçmişdə bu cür göstərişlər son onilliklərdə sərt xətt tərəfdarlarını qadınlara hücum etməyə cəsarətləndirib. Ötən həftə internetdə bir kişinin mağazada hicab taxmayan iki qadının başına qatıq atdığını göstərən video yayılıb.

XS
SM
MD
LG