Daha 5 fəal aclıq aksiyasına qoşulub

Siyasi fəallar aclıq edir

Müxalif siyasətçi Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq bu gün daha 5 fəal aclıq aksiyasına qoşulub və aksiyanın iştirakçılarının ümumi sayı Tofiq Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 17 nəfərə çatıb.

AXCP fəalları Günel Babayeva və Gülnarə Rəhimova siyasətçinin həyat yoldaşı, yanvarın 7-dən aclıq edən Maya Yaqubluya qoşulublar. Onlar Yaqubluların evində akisyanı davam etdirir.

Elə bu gün Müsavat Partiyasının qərargah-mənzilində AXCP üzvləri Təvəkkül Həsənov, İsmailiddin Qasımov və Zəkrulla Nağıyev aclığa başlayıb. Onlara həmçinin yanvarın 8-dən Yaqublunun evində aclıq edən Seymur Əhmədsoy və Elnur Quliyev də qoşulub. Yanvarın 9-dan isə AXCP fəalları Babək Həsənov, Əlizamin Salayev, Ceyhun Novruzov, Əlizamin Kazımov, Sakit Məmmədli, Tofiq Məmmədov və Müsavat Partiyasının üzvü Əziz Məmiyev aclıq aksiyasına qoşulub.

Your browser doesn’t support HTML5

Fəallar siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası keçirir

Bu gün, yanvarın 10-da Müsavat Partiyasının qərargah-mənzilində "təcili yardım" həkimləri aclıq aksiyasının iştirakçılarını müayinə ediblər. Fəalların səhhətində ciddi problemlər aşkar edilməyib.

Aksiya iştirakçıları Tofiq Yaqublunun, ictimai fəal Bəxtiyar Hacıyevin və digər siyasi fəalların azad edilməsini tələb edirlər.

"Hələlik hökumətdən tələblərimizə heç bir cavab gəlməyib. Hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar bizə baş çəkiblər, dəstəklərini ifadə ediblər", aksiya iştirakçısı Babək Həsənov bildirib.

Tofiq Yaqublunun həyat yoldaşı, yanvarın 7-dən aclıq edən Maya Yaqublu böyrəklərində ağrılar başladığını deyib.

Aclıq edənləri həkim müayinə edir

Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında saxlanılıb.

Elə həmin gün Səbail Rayon Məhkəməsi onu kiçik xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs cəzasına məhkum edib. Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Etiraz əlaməti olaraq Yaqublu aclıq elan edib.

Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbi ilə aclıq elan edib. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsinin növbəti dəfə onun həbsindən verdiyi şikayəti təmin etməməsindən sonra Hacıyev aclığı bərpa edib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən çox narahat olduğunu bildirib və hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırıb.