Taleh Bağırovun aclığa başladığı bildirilir 

Taleh Bağırov (Arxiv foto, mənbə VOA)

Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun ikinci gündür “zülmə son!” tələbi ilə aclığa başladığı bildirilir.

Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə bildirib ki, o, yeni köçürüldüyü 12 saylı Cəzaçəkmə Müəssisəsində təhqirlərə məruz qalmasına etiraz olaraq aclqı edir.

Your browser doesn’t support HTML5

Leyla İsmayılzadə: Taleh Bağırov aclığa başlayıb

“Taleh Bağırov evə zəng etmişdi. O, 7 illik həbsdən sonra, dünən noyabrın 26-da Qobustan Qapalı Həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Müəssisənin rəis müavini onun namusuna, qeyrətinə söyüş söyüb. Ona görə də hacı (Taleh Bağırov-red.) buna etiraz olaraq sivil qayda kimi aclığa başlayıb,” o qeyd edib.

Leyla İsmayılzadə həyat yoldaşının telefon söhbəti zamanı dediklərinə istinad edərək bildirib ki, Taleh Bağırovu yenidən qapalı həbsxanaya qaytarmaq planları var.

“Ona görə də müxtəlif bəhanələrlə Taleh Bağırovu təxribata çəkmək istəyirlər ki, yenidən qapalı həbsxanaya qaytarsınlar,” o qeyd edib.

Məlumatla bağlı Penitensiar Xidmət hələ şərh verməyib. Amma bir qayda olaraq Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində saxlanılan insanların qeyri-insani rəftara məruz qalmaları ilə bağlı məlumatları təkzib edir. Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhkumların qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.

Rəsmi dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov daxil olmaqla, 10 nəfər funksioneri və fəalı həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Taleh Bağırov 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkib.

Tale Bağırov və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırovun təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahkar bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

Müsəlman Birliyi Hərəkatı funksionerlərinin və fəallarının həbsini siyasi sifariş hesab edir.