Accessibility links

“Məhkəmələrdə yenə iştirak etsən, zorlanacaqsan” - Müsəlman Birliyi Hərəkatı üzvləri polis tərəfindən işgəncəyə məruz qaldıqlarını deyirlər


Müsəlman Birliyi Hərəkatı üzvləri Süleyman Ələkbərov və Mail Kərimov
Müsəlman Birliyi Hərəkatı üzvləri Süleyman Ələkbərov və Mail Kərimov

Mayın 23-də "Müdafiə Xətti" İnsan Haqları Təşkilatı Müsəlman Birliyi Hərəkatı üzvlərinə qarşı son günlər törədilən zorakılıq və işgəncə faktları ilə bağlı mətbuat konfransı keçirib.

"Müdafiə Xətti" təşkilatının həmtəsisçisi, hüquq müdafiəçisi Rüfət Səfərovun sözlərinə görə, mayın 20-də polis əməkdaşları Müsəlman Birliyi Hərəkatının üzvləri Mail Kərimov və Süleyman Ələkbərovu, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan Razi Hümbətovun məhkəməsinin binasının qarşısında zorakılıqla saxlayaraq naməlum istiqamətə aparıblar. Hüquq müdafiəçisi deyir ki, hərəkatın hər iki üzvü işgəncəyə məruz qalıb.

Rüfət Səfərov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılan beş nəfər şəxsdən üçü haqqında həbs qərarı çıxarılıb, digər ikisi isə buraxılıb. Saxlanılan şəxslər Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayevdir. Onlar polisə müqavimət ittihamı ilə təqsirləndirilib və 1 ay inzibati həbs cəzası alıblar.

Müsəlman Birliyi Hərəkatının sərbəst buraxılan digər iki üzvündən biri Mail Kərimov deyib ki, onu məhkəmənin qarşısında saxlayıb, əvvəlcə 22-ci polis bölməsinə, sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Kərimov həm yolda, həm də idarədə işgəncələrə məruz qaldığını bildirib:

"Dedilər ki, əgər məhkəmələrdə yenə iştirak etsən zorlanacaqsan. Təcavüzə uğramamaq üçün kameranın önündə məhkəməyə getməyəcəyimə dair söz verdim".

Konfransda Müsəlman Birliyi Hərəkatının digər üzvü Süleyman Ələkbərov da məhkəmə önündə saxlanıldıqdan sonra 22-ci polis bölməsinə aparıldığı və daha sonra işgəncəyə məruz qaldığını bildirib.

"Məni bölmədən başıma qara torba keçirib çıxardılar, əllərimi arxadan bağlamışdılar. İdarədə mənə məhkəmədə iştirak etməməyimi dedilər… Məni yerə yıxıb, başımı təpikləməyə başladılar. Belimin üstünə çıxıb, hoppanıb düşürdülər. Daha sonra əllərini torbanın içinə salıb saqqalımı yolurdular. Ən pis söyüşlərlə söyürdülər, Allahı da söyürdülər" - deyə, o bildirib.

Rəsmi qurumlardan bu iddialarla bağlı hələlik şərh almaq mümkün olmayıb. DİN bu vaxta qədər saxlanan ictimai-siyasi fəallara polisdə işgəncə verilməsi ilə bağlı iddiaları bir qayda olaraq, təkzib edib.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib.

Razi Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb. Razi Hümbətovun atası məhkəmə qərarını qərəzli adlandırıb.

Atasının sözlərinə görə, Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildirsə də, bu məsələ araşdırılmayıb.

XS
SM
MD
LG