Accessibility links

Azərbaycan məhkəməsi dini fəalı 6 il müddətinə azadlıqdan məhrum edib


Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısı (arxiv foto)
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısı (arxiv foto)

"Müsəlman Birliyi" Hərəkatının fəalı Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib.

Bu barədə mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsilə təqsirli bilib .

Bundan öncə prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hümbətov özünü təqsirli bilməyib. Müdafiə tərəfi də hökmü qanunsuz hesab edib.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, Razi Hümbətova qarşı məhkəmə istintaqı zamanı səhih sübutlar təqdim olunmayıb.

Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

Bu hökmlə bağlı məhkəmədən Amerikanın Səsi olaraq şərh almaq mümkün olmayıb.

Polis Hümbətovu dəstəkləmək üçün məhkəməyə gələn “Müsəlman Birliyi” Hərəkatının ona yaxın tərəfdarını saxlayıb.

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Zəfər Əhmədov Amerikanın Səsinə bildirib ki, məhkəmə prosesi başlamazdan əvvəl polis əməkdaşları gələnləri uzaqlaşdırmağa başlayıb .

“Prosesə gələnləri dörd hissəyə bölərək "Nizami" kinoteatrı tərəfə kobud şəkildə uzaqlaşdırdılar"- deyə, o bildirib.

Hümbətov 2021-ci il iyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanılıb. Üç gün sonra vəkil öyrənə bilib ki, hələ 8 iyula qədər Nərimanov Rayon Məhkəməsi onu külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edib. Onu 12 ilə qədər həbs gözləyib.

“Müsəlman Birliyi” Hərəkatı Hümbətovun həbsini sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi, həmçinin gənclər arasında narkotik vasitələrin yayılmasına qarşı fəal mübarizəsi ilə əlaqələndirir.

Hüquq müdafiəçiləri Razi Hümbətovu siyasi məhbus kimi tanıyıblar.

Aprelin 12-də ABŞ Dövlət Departamenti 2021-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb.

İllik hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntuları olduğu qeyd edilib. Hesabatda qanunsuz və ya özbaşına qətllər, işgəncə, güc strukturları tərəfindən qəddar rəftar, qanunsuz və ya özbaşına həbslər, siyasi məhbuslar, ölkədən xaricdə olan fərdlərə qarşı siyasi repressiyalar, cinsi orientasiyaya görə fərdlərə qarşı polis zorakılığı, ağır həbsxana şəraiti kimi pozuntular qeyd edilir.

Əlavə olaraq, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair hesabatının Azərbaycan hissəsində məhkəmə sisteminin müstəqilliyi ilə geniş yayılmış problemlərin olduğu, jurnalistlərə qarşı zorakılıq, o cümlədən bəzi jurnalistlərin təqib edilməsi və şübhəli ittihamlarla həbsi, internet azadlığının məhdudiyyəti, bəzi vebsəhifələrin bloklanması, toplaşma və birləşmə azadlığının de fakto qadağan edilməsi, siyasi iştiraka ciddi məhdudiyyətlər, hökumət korrupsiyası, o cümlədən uşaq əməyinin mövcudluğu kimi pozuntular daxil edilib.

Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmadığı və cəzasızlığın problem olaraq qaldığı bildirilir.

Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda bununla bağlı məruzəçi fəaliyyətdədir.

Azərbaycan hakimiyyəti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir. Ölkə prezidenti Azərbaycanda fundamental azadlıqların, o cümlədən, söz, mətbuat, birləşmək, toplaşmaq azadlıqlarının tam təmin edildiyini, dini tolerantlığın hökm südüyünü bildirib.

XS
SM
MD
LG